bp şirkəti tərəfindən həyata keçirilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi üzrə inteqrasiya işlərinin icrası bu il iyulun 1-dək yekunlaşdırılacaq. Layihə çərçivəsində nəzərdə tutulmuş inteqrasiya işlərinin icraçı qurumları “Azərenerji” ASC və Energetika Nazirliyi müəyyənləşdirilib.
Qeyd edək ki, Azərbaycanın Cəbrayıl rayonunda həyata keçirilən “Şəfəq” günəş layihəsi üzrə tikinti işləri plana uyğun olaraq davam edir. 2025-ci ilin iyun ayında yekun investisiya qərarından sonra investorları bp, “SOCAR Green” və Azərbaycan Biznesinin İnkişafı Fondu olan layihə üzrə mühəndislik, təchizat və tikinti işlərinə dair 2 əsas müqavilə imzalanıb.
Təqribən, 117 milyon ABŞ dolları dəyərində olan bu müqavilələr “Intec” və “Complant” şirkətlərinə verilib. Müqavilə mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edir. Artıq layihə sahəsində hazırlıq işləri tamamlanıb. Hazırda tikinti prosesi torpaq işləri və daxili yolların çəkilməsi ilə davam edir.
XQ

