Qarabağ və Şərqi Zəngəzur bu gün yeni iqtisadi region kimi formalaşır. Ən iri dövlət investisiya proqramlarından biri məhz bu ərazilərdə həyata keçirilir. Nəticədə, bu proses əhəmiyyətli maliyyə resurslarının səfərbər edilməsini tələb edir. Bütün bunlara paralel olaraq, Türk dünyansının da qəlbi məhz işğaldan azad olunan ərazilərlə birgə döyünür.
Təsadüfi deyil ki, artıq Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəb öz fəaliyyətinə başlayıb. Eyni zamanda, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də fəaliyyət göstərir. Bundan başqa, Qırğızıstanın hədiyyəsi olan Manas adına məktəb də artıq istifadəyə verilib və fəaliyyətini davam etdirir. Digər tərəfdən, Türkiyənin tikinti nəhəngləri, Özbəkistanın və Qazaxıstanın sənaye təcrübəsi bura axın edir. “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları ilə qurulan bu ərazilər, Türk dövlətlərinin texnoloji əməkdaşlığı üçün bir sınaq laboratoriyasına çevrilib.
Aprelin 2-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul etdi. Rəsmilərlə görüş zamanı ölkə başçımız bildirdi ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik. Necə ki, Türkiyədə baş verən “əsrin fəlakəti” zamanı Azərbaycan öz qardaş əlini uzatmış, Kahramanmaraşda 100 milyon ABŞ dolları dəyərində “Azərbaycan məhəlləsi” tikdirmişdir. Təsadüfi deyil ki, 2024-cü ildə Şuşanın Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi sadalananlara əyani misaldır.
Ümumiyyətlə, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası hazırda uğurla davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə 2025-ci ildə bütün maliyyə mənbələri hesabına 4 milyard 911,2 milyon manat vəsait sərf edilib. Ən çox vəsait isə Kəlbəcər (994.6 milyon 11 min manat), Ağdam (740 milyon manat) və Zəngilan (731 milyon manat) rayonlarına ayrılıb. Ötən il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyard 226.1 milyon manat vəsait yönəldilib ki, bunun da 16 milyard 18 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 30,7 faizini təşkil edib.
Bundan başqa, cari ildə martın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 110,084 milyon manat təşkil edib. Bu göstərici bir ay əvvələ nisbətən 2,8 milyon manat, 2025-ci ilin martın 1-nə olan göstərici ilə müqayisədə isə 18,4 milyon manat çoxdur.
Eyni zamanda, bu il martın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,008 milyon manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 116 min manat, ötən ilin eyni dövrünə nisbətən isə 569 min manat çoxdur.
Əlavə edək ki, 2020-ci ildən 2026-cı ilə qədər azad edilmiş ərazilərin bərpası üçün 25 milyard manatdan çox vəsait ayrılıb. Bunun da 3,5 milyard manatı 2026-cı il büdcəsində nəzərdə tutulub. Dövlət rəsmilərinin sözlərinə görə, bu vəsaitlərin əksəriyyəti orta və uzunmüddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli əlavə dəyər yaradacaq infrastruktur layihələrinə yönəldilir.
***
Qardaşlıq bağları ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun Türk Dövlətləri Təşkilatı üçün önəmi bir çox aspektdə önəmlidir. İşğaldan azad edilən ərazilərimiz Türk dünyasının iqtisadi intibahını müjdələyən strateji bir qovşaq rolunu oynayır. Bu torpaqların dirçəlişi Türk Dövlətləri Təşkilatı (TDT) üçün yeni bir iqtisadi nəfəs, ortaq gələcəyə açılan qapı deməkdir.
Bu bölgənin ən böyük töhfəsi Orta Dəhlizin kritik halqasını bərpa etməsidir. Zəngəzur dəhlizi sayəsində İstanbuldan yola çıxan bir qatarın Bakıdan keçərək Mərkəzi Asiyaya, oradan isə Çinə qədər maneəsiz irəliləməsi artıq xəyal deyil. Bu, TDT ölkələri üçün həm zaman, həm də milyonlarla dollar vəsaitə qənaət deməkdir. Biz artıq uzun yox, qısa və effektli ticarətin dövrünə qədəm qoyuruq.
Həmçinin Prezident İlham Əliyevin də bildirdiyi kimi, TDT-nin qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir: “Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır”.
Azərbaycan ərazisində həyata keçirilən layihələrin əsas hissəsi artıq tamamlanıb. Dəmir yolları, Bakı Ticarət Limanı, avtomobil magistralları və hava limanları daxil olmaqla, nəqliyyat infrastrukturu demək olar ki, tam hazır vəziyyətə gətirilib. Zəngəzur dəhlizinə gəldikdə isə, avtomobil yolunun təxminən 90 faizi, dəmir yolunun isə 70 faizə yaxın hissəsi artıq tikilib. Gözlənti ondan ibarətdir ki, bu layihə yaxın perspektivdə tam şəkildə reallaşdırılacaq. Sevindirici haldır ki, Türkiyədə də Qars–Naxçıvan dəmir yolu xəttinin inşasına başlanılıb.
Bu layihələrin əlaqələndirilmiş şəkildə və paralel icrası nəticəsində yeni, strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat dəhlizi formalaşacaq. Sözügedən marşrut Orta Dəhlizin tərkib hissəsi kimi çıxış edəcək. İnşa edilən dəmir yolu infrastrukturu ilkin mərhələdə 15 milyon ton yük daşınmasına hesablanıb. Gələcəkdə bu göstəricinin daha da artacağı istisna edilmir və belə artım real görünür.
Ümumilikdə, 15 milyon tonluq yeni nəqliyyat xəttinin istifadəyə verilməsi həm iştirakçı ölkələr, həm də geniş region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu prosesdə məsuliyyətli və düşünülmüş mövqe nümayiş etdirərək öz milli maraqlarını qoruyur, eyni zamanda, beynəlxalq səviyyədə yeni nəqliyyat imkanlarının yaranmasına töhfə verir.
Qeyd edək ki, bugün TDT üzv 5 dövlət və 2 müşahidəçi ölkə ilə birgə 170 milyon nəfərə yaxın əhalinin həmrəyliyi deməkdir. Bu ölkələrin birlikdə illik ÜDM-i 1,5 trilyon ABŞ dollarından çoxdur, qarşılıqlı ticarət dövriyyəsi isə 1,2 trilyon dollara yaxındır. Dünyanın ümumi ticarət dövriyyəsinin təxminən 2,4 faizi artıq türk dövlətlərinin payına düşür.
Şübhəsiz, mövcud göstəricilər artım baxımından geniş imkanlara malikdir. Bunun əsas səbəbi enerji və nəqliyyat sektorlarında mövcud potensialın hələ tam şəkildə gerçəkləşdirilməməsidir. Məsələn, Xəzər hövzəsində zəngin qaz ehtiyatlarına malik Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu inteqrasiyası və ümumi enerji sisteminə qoşulması təşkilatın iqtisadi çəkisini daha da gücləndirəcək.
Bununla yanaşı, təşkilat çərçivəsində “yaşıl enerji”, rəqəmsal iqtisadiyyat və turizm istiqamətləri üzrə də əhəmiyyətli inkişaf perspektivləri formalaşır. Artıq “Türk Yaşıl Enerji Baxışı” təşəbbüsünün qəbul edilməsi ilə iqlim dəyişikliklərinə qarşı ortaq yanaşmanın əsası qoyulub, ekoloji layihələrin əlaqələndirilməsi prosesi başlanıb.
Eyni zamanda, Türk dünyasının zəngin turizm imkanlarını vahid platformada birləşdirmək məqsədilə “Müqəddəs İpək Yolu Turu” kimi ortaq marşrutlar üzərində iş aparılır. Bu təşəbbüslər açıq şəkildə göstərir ki, türk dövlətlərinin iqtisadi strukturları bir-birini tamamlayır və bu qarşılıqlı uyğunluq güclü sinerji effektinin yaranmasına şərait yaradır.
Nurlan ABDALOV
XQ

