Sabirabad su filtrləri xarici bazarlarda

post-img

Ölkəmizdə istehsal olunan belə məhsullara dünyada tələbat çoxalır

Sabirabad Sənaye Məhəlləsində “Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsindəyik, istehsal sahəsində gərgin iş gedir. Hər bir əməkdaş diqqətini məhsulun dəqiq və keyfiyyətli olmasına yönəldib. Hazırlanan məhsullar zəncirvari şəkildə bir-birinə ötürülür. Sonda isə bütün detallar cəmləşərək qablaşdırılır və qutuya suyu təmizləmək üçün istifadə olunan iplərdən hazırlanan ehtiyat hissələri qoyulur. 

MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, hazırda Qazaxıstan, Özbəkistan və Türkiyəyə də ixrac edilir və beynəlxalq bazarda ona olan tələbat yüksəlir.

Cəmiyyətin baş ustası İbrahim Kərəmov bildirdi ki, 2024-cü il oktyabr ayının 10-dan fəaliyyət göstərən müəssisədə su filtrləri istehsal edilir. Müştərinin istəyinə əsasən 5, 6 və 7 tipli filtr istehsal olunmaqla qablaşdırılır. Şirkətin əsas işi mayelərin təmizlənməsi və filtrilizasiya olunmasıdır. 

Qeyd olundu ki, müəssisədə istehsal Çin texnologiyası əsasında həyata keçirilir. İnvestisiya tam şəxsi vəsait hesabına təmin olunub:

– Hazırda 23 işçimiz var, gələcəkdə onların sayı 50 nəfərə qədər artacaq. Çünki istehsal etdiyimiz məhsullar keyfiyyəti ilə alıcıların böyük rəğbətini qazandığından məhsullarımıza yerli və xarici bazarda da tələbat artır. İstehsal etdiyimiz məhsullar daxili bazarla yanaşı, ölkə xaricində də rəqabətli məhsul kimi satılır. Qeyd edək ki, 150 min məhsulumuz Özbəkistan, Qazağıstan və Türkiyə bazarlarında satılıb. Gələcəkdə digər xarici ölkələrə də satışı nəzərdə tutulur. 

Azərbaycanda buraxılan bu markalı su filtrləri keyfiyyəti ilə seçildiyindən və diqqəti cəlb etdiyindən ona beynəlxalq bazarda da tələbat durmadan artır. Çünki əksər xarici ölkələrdə təmiz suya ehtiyac çoxalır.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

 

İqtisadiyyat