Bərdə rayonu regionun iqtisadi, sosial və ticarət mərkəzlərindəndir. İqtisadi-coğrafi yerləşməsi, əlverişli torpaq və iqlim şəraiti rayonda ticarətin, ələlxüsus da aqrar ticarətin inkişafına şərait yaratmışdır.
Mal-qaranın dabaq xəstəliyinə yoluxmasının qarşısının alınması məqsədilə oktyabr ayının 21-dən etibarən respublikanın digər bölgələrində olduğu kimi, Bərdədə 20 hektardan artıq ərazidə yerləşən heyvan bazarının fəaliyyətinə qadağa qoyulmuşdu. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təklif etdiyi daha müasir standartlara cavab verən layihə əsasında bazarda profilaktik tədbirlər həyata keçirilmişdir.
Bazarın rəhbəri Zülfi Tağıyev bildirdi ki, bazar artıq həftədə 3 gün AQTA-nın tələbləri əsasında fəaliyyətini bərpa edəcək. Ərazidə daxili yollar asfaltlanıb, mal-qaranın ekzogen təsirlərdən qorunması üçün talvarlar quraşdırılıb, yeni artezian quyusu istifadəyə verilib. Heyvanların yemlənməsi və sulanması üçün lazımi şərait yaradılıb. Sahəsi 700 kvadratmetr olan yeni yem anbarı qurulub. 2 baytar nəzarəti məntəqəsi yaradılıb. Heyvanların yalnız baytar nəzarətindən keçirildikdən sonra bazar ərazisinə girişinə icazə veriləcək. Bundan başqa, giriş və çıxışlarda dez-baryerlər (dezinfeksiya baryerləri) quraşdırılıb, sanitar-gigiyenik qaydalara əməl olunması üçün bütün lazımi tədbirlər görülüb. Müasir standartlara cavab verən yeni ofis binası tikilib. Ərazidə 2 mindən artıq müxtəlif növdən olan ağac tingləri əkilib və aqrotexniki qulluq göstərilib.
Hazırda Bərdə ilə yanaşı, Ağcabədi, Ağdam, Yevlax, İmişli, Tərtər, Zərdab, Goranboy, Qax, Balakən və başqa rayonlardan olan mikrosahibkar və fermerlər də bazarda öz məhsullarını rahatlıqla realizə edə bilirlər.
Rayonda əkinəyararlı torpaq sahəsi 55 min 101 hektar təşkil edir. Cari təsərrüfat ilində 13 min 72 hektar sahədə 6 min 920 hektar buğda, 6 min 152 hektar arpa əkilib-becərilib. Taxıl biçini optimal müddətdə və itkisiz başa çatıb. Rayon üzrə 55 min 220 ton (orta məhsuldarlıq 42,2 sentner olmaqla) məhsul əldə olunub. Rayon üzrə ən çox taxıl səpini Xanərəb kəndində, 800 hektar sahədə aparılıb və hər hektardan 45 sentner məhsul yığılıb. Rayonda toxumçuluqla məşğul olan fermerlər də yüksək məhsuldarlığa nail olublar.
Fermerlər əsasən yerli toxum sortlarından olan “Qırmızı gül”, “Mətin”, “Tunc”, “Murov”, “Fatimə” kimi məhsuldar buğda, “Qarabağ-22”, “Qarabağ-33”, “Günəş” arpa toxumları səpiblər. 2026-cı ildə isə proqnozlaşdırılan 12 min hektar əkin sahəsinin 11 min hektarında şumlama başa çatdırılıb, 10 min 952 hektarda səpin aparılıb.
Hazırda 30 min 936 ton xam pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Orta məhsuldarlıq 36,6 sentner təşkil edir.
Vəli VƏLİYEV
XQ

