I rübdə onlara 2,5 min maşın-mexanizm satılıb
Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı texnikası və avadanlıqlarının satışının maliyyələşdirilməsini davam etdirir. Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə AKİA tərəfindən 2 min 480 kənd təsərrüfatı texnikası və avadanlıqlarının satışı maliyyələşdirilib. Satışı maliyyələşdirilən texnikalar arasında 10 taxılyığan kombayn, 613 traktor, 1857 digər texnika və avadanlıqlar var.
Qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatı texnikasının satışı dövlət tərəfindən subsidiyalaşdırılır. Belə ki, fermerlər gömrük dəyərinin 20 faizi həcmində ilkin ödəniş etməklə kənd təsərrüfatı texnikası və avadanlıqlarına sahib olmaq imkanı qazanırlar. Texnikanın dəyərinin qalan 40 faizi AKİA tərəfindən ödənilir, digər 40 faiz isə banklar tərəfindən 60 ay müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, ona hesablanmış faiz məbləğini isə AKİA ödəyir.