Energetika naziri Türkiyədə bir sıra görüşlər keçirib

post-img

İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, İraqın Baş nazirinin müavini və neft naziri Hayan Abdul-Qani Əl-Savad, Suriyanın energetika naziri Muhammed Əl-Bəşir və Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında görüşlər olub.

Nazir Alparslan Bayraktarla görüş zamanı Azərbaycan və Türkiyə arasında neft-qaz, elektrik enerjisi və bərpa olunan enerji də daxil olmaqla bütün istiqamətlər üzrə geniş və sistemli əməkdaşlığın mövcudluğundan məmnunluq ifadə edilib.  Gürcüstan üzərindən Türkiyəyə 250 MVt-lıq elektrik enerjisinin ötürülməsinin əhəmiyyəti qeyd olunub.   “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Yaşıl Enerji Dəhlizi” və digər birgə enerji layihələrinin icra vəziyyəti dəyərləndirilib. 

Cari ilin  sentyabr ayında Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsi müzakirə olunub, həmçinin iyunda “Bakı Enerji Həftəsi”ndə türkiyəli nazirin iştirak etməsi razılaşdırılıb. 

İraqın Baş nazirinin müavini və neft naziri Hayan Abdul-Qani Əl-Savad  ilə görüşdə ölkələrimiz arasında tarixi əlaqələrin  enerji sahəsində əməkdaşlığın inkişafı üçün zəmin yaratdığı vurğulanıb. Söhbət zamanı “OPEC+” formatı çərçivəsində  neft bazarının tənzimlənməsinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraq Respublikasının Neft Nazirliyi arasında neft və qaz sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının vacibliyi qeyd olunub. İkitərəfli enerji əməkdaşlığının inkişafı üçün prioritet layihələr nəzərdən keçirilib. 

Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamedlə görüşdə isə “yaşıl enerji” və neft - qaz sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumlarının  icrası, o cümlədən neft-qaz sahəsində mütəxəssislərin hazırlanması, potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb. 

Tədbir çərçivəsində Türkiyədə Suriyanın energetika naziri Muhammed Əl-Bəşir ilə də görüş olub. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə imkanlar dəyərləndirilib. 













İqtisadiyyat