Mayın 13-16-da Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri keçiriləcək. Bu barədə XQ-yə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, sərgilərdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək.
Qurumun məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi, bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki, sərgidə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına kiçik və orta biznes subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq.