Bu mövzuda seminara qatılan gənclərin istehlakçıların əsas hüquqları və onların müdafiəsi vasitələri, istehlak bazarına nəzarət sahəsində fəaliyyətin təşkilinin əsasları və qanunvericiliyin tələbləri ilə bağlı sualları praktiki izahlarla cavablandırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində istehlakçı hüquqları ilə bağlı silsilə maarifləndirmə tədbirlərinin keçirilməsinə başlanılıb. Martın 15-dək davam edəcək “İstehlakçı hüquqları həftəsi” çərçivəsində ilk tədbir Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə təşkil olunub. “Hüquqlarımızı bilək və qoruyaq!” adı altında keçirilən maarifləndirmə tədbirinə ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin tələbələri və könüllü təşkilatlarını təmsil edən 100-ə yaxın gənc qatılıb.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov açılış nitqi ilə çıxış edərək hazırkı görüşün gənclərin maariflənməsi və onların fəal vətəndaş mövqeyi sərgiləməsində əhəmiyyətli olduğunu bildiriblər. “İstehlakçı hüquqları həftəsi” çərçivəsində ilk maarifləndirmə tədbirinin məhz gənclərin iştirakı ilə təşkil edilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb, cəmiyyətin ən dinamik və fəal üzvləri kimi gənclərin istehlakçı hüquqlarının müdafiəsi prosesinə müsbət təsirinin bu sahədə daha ədalətli, təhlükəsiz və şəffaf bir mühitin yaradılmasına töhfə verəcəyi vurğulanıb.
Tədbir çərçivəsində agentliyin nümayəndələri Elşən Cəfərov və Yusif Tapdıqlı “İstehlakçıların əsas hüquqları” və “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin istehlak bazarına nəzarət sahələri” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimat zamanı istehlakçıların əsas hüquqları, o cümlədən məlumat almaq, sərbəst seçim, malların dəyişdirilməsi və qaytarılması və digər hüquqları, onların müdafiəsi mexanizmləri barədə məlumat verilib, istehlak bazarına nəzarət sahəsində fəaliyyətin təşkili mövzusuna toxunulub.
İnteraktiv formada keçirilən seminarda gənclərin mövzu ilə bağlı sualları praktiki izahlarla cavablandırılıb.