Uğurlu müqavilə-hüquq bazası beynəlxalq iqtisadi əməkdaşlıqda önəmli amillərdən biridir. Hazırda Azərbaycanın 10 ölkə ilə sərbəst ticarət sazişləri qüvvədədir. Türkiyə bazarlarına müəyyən məhsullar üzrə güzəştli şərtlərlə giriş imkanı verən qardaş ölkə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilib. Bununla Azərbaycan mənşəli 15 adda yeni məhsulun ixracına gömrük rüsumu güzəştləri əldə edilib. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, ötən ilin iyulunda Pakistan Hökuməti ilə də Preferensial Ticarət Sazişi imzalanıb.
(ardı 9-cu səhifədə) İqtisadiyyat Nazirliyinin məlumatına görə, hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Saziş çərçivəsində qarşılıqlı ticarətdə əksər məhsullar üzrə preferensial rejimin tətbiqi müzakirə olunur. Bununla yanaşı, ixracın artırılması və şaxələndirilməsi məqsədilə digər ölkələrlə də preferensial və sərbəst ticarət sazişlərinin bağlanılması imkanları araşdırılır. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək tədbirləri də ixracın artımını stimullaşdırır. Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının təqdim olunduğu 12 ticarət evi, eləcə də 5 ticarət nümayəndəliyi fəaliyyət göstərir.
“Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizm mövcuddur. Bu mexanizmlərin siyahısına ixrac və alıcı missiyalarının təşkili, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, bazar araşdırmalarının aparılması, həmçinin sahibkarlara beynəlxalq sertifikatların alınmasına köməklik göstərilməsi, tədqiqat-inkişaf proqramlarının icrası və s. daxildir.
Ötən il Azərbaycan ixracatçıları, ümumilikdə, 10 beynəlxalq sərgidə iştirak ediblər. Sərgilərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın yerli şirkət təmsil olunub və ixrac əməliyyatları üzrə dəyəri 18 milyon ABŞ dollarınadək müqavilələr imzalanıb.
Son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələrin həyata keçirilməsi nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
Yuxarıdakı göstəricilərin əldə olunmasında təbii ki, sadalanan amillərlə yanaşı, digər səbəblər də mühüm rol oynayıb. Məsələn, respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulandan sonra ixrac potensialı nəzərəçarpacaq dərəcədə güclənib, ixrac mallarının çeşidi artıb. Bu, ölkəmizə Avropa İttifaqı (Aİ) bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradıb. Belə bir tədbirin gerçəkləşdirilməsi həm də ixrac potensialının genişləndirilməsinə və ixrac strukturunun diversifikasiyasına önəmli təsir göstərib. Bütün bunlarla bərabər, ixrac potensialının güclənməsini son illər Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların, azad iqtisadi zonaların genişləndirilməsi də sürətləndirib.
Azərbaycanın ixrac potensialının gücləndirilməsindən danışarkən bir məqamı da xatırladaq. Qeyd edək ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük-vergi tənzimlənməsi sisteminin təkmilləşdirilməsidir. Bu baxımdan ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verir. Bu gün yerli istehsalatda istifadə olunan 300-ə yaxın aralıq malın idxal rüsumundan azad edilməsi yerli istehsalın maya dəyərinin azaldılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərməsi də deyilən fikrin bariz ifadəsidir.
Hazırda da bu proses davam edir. Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalda xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirləri, o cümlədən güzəşt müddətlərinin uzadılması istiqamətində qanunvericilik layihələri hazırlanaraq aidiyyəti dövlət orqanları ilə müzakirə olunur.
Yeri gəlmişkən, ölkədə ixrac potensialının gücləndirilməsi Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qarşıya mühüm vəzifə kimi qoyulub. Belə bir vəzifənin gerçəkləşdirilməsinin əsas şərti kimi davamlı və yüksək iqtisadi artıma nail olunması göstərilib.
Buna görə də milli prioritetlərə əsaslanaraq hazırda milli iqtisadiyyat şaxələndirilir, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün qeyri-neft iqtisadiyyatının inkişafı diqqət mərkəzində saxlanılır. İqtisadi artımın qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməsi, dövlət və özəl əməkdaşlığın gücləndirilməsi istiqamətində layihələr gerçəkləşdirilir. Bütün bunlarla bərabər, yeniliyə meyilli özəl sektorda aktivlik daha da canlandırılır, qeyri-neft sektorunun maliyyələşməsində bu sahənin payı artırılır.