Özbəkistanla standartlaşdırma əməkdaşlığı

post-img

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfər edib.

İnstitutdan verilən məlumata görə, səfər çərçivəsində Özbəkistan Elmi–Sınaq və Keyfiyyətə Nəzarət Mərkəzinin (UzTest) nümayəndələri ilə görüş keçirilib. Görüşdə tütün məmulatlarının sınaqdan keçirilməsinə dair əməkdaşlıq layihələri ətrafında müzakirələr aparılıb, o cümlədən “Halal” sertifikatı üzrə təcrübə mübadiləsi barədə razılığa gəlinib.

Görüşün yekununda Standartlaşdırma İnstitutu ilə “UzTest” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Səfər çərçivəsində, həmçinin mərkəzin sınaq laboratoriyalarına baxış keçirilib, onların fəaliyyət istiqamətləri, laboratoriyalarda istifadə edilən müasir cihaz və avadanlıqlar barədə məlumat verilib.

Səfərin sonunda Azərbaycan nümayəndə heyəti Daşkənd Dövlət Texniki Universitetinin nəzdində fəaliyyət göstərən “Metrologiya və standartlaşdırma” laboratoriyasında iş prosesi ilə tanış olub, laboratoriyaların akkreditasiyası sahəsində birgə əməkdaşlıq barədə müzakirələr aparıb.

İqtisadiyyat