AÇG və “Şahdəniz”dən 5,7 milyard dollar qazanc

post-img

Dövlət Neft Fondu “Azəri–Çıraq–Günəşli” (AÇG) və “Şahdəniz” layihələri üzrə gəlirləri açıqlayıb. Bildirilib ki, fond bu ilin yanvar-noyabr aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun işlənməsindən 5 milyard 725,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 628,4 milyon ABŞ dolları və yaxud 9,9 faiz azdır. Xatırladaq ki, əvvəlki ilin yanvar–noyabr aylarında Dövlət Neft Fondu yataqlar blokunun işlənməsindən 6 milyard 353,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Yeri gəlmişkən, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

Hesabat dövründə “Şahdəniz” yatağının işlənməsindən isə 416 milyon 174 min dollar gəlir əldə olunub. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 891,8 milyon dollar və ya 3,1 dəfə azdır. Cari ilin 11 ayında fonda daxil olan vəsaitlərin 115 milyon 409 milyon dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 208 milyon 987 min dollar və ya 2,8 dəfə azdır. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlir 1 milyard 308 milyon dollar təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 324 milyon 396 min dollar məbləğində qazanc əldə olunub.

Xatırladaq ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. Bakıdan 70 kilometr cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə əsasən, “Şahdəniz” yatağının işlənməsi ilə bağlı hasilatın pay bölgüsü sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

İqtisadiyyat