Naxçıvanda dövlət–biznes dialoqu

post-img

Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib. Məclisdə Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf, biznes, investisiya mühiti, sahibkarlığın, özəl sektorun iqtisadi inkişafda rolu müzakirə edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvan Sənaye Parkının yaradılması haqqında fərmanın imzalandığını xüsusi vurğulayaraq buna görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib. S.Seyidəhmədli tədbirin dövlət-biznes dialoqunun gücləndirilməsi baxımından əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu sahədə aparılan islahatlar iqtisadiyyatın davamlı və dayanıqlı olmasını təmin edir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” da bu məqsədə xidmət edir.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov cari ilin 11 ayında Naxçıvan Muxtar Respublikasında faktiki vergi daxilolmaları ilk dəfə olaraq 200 milyon manatı keçdiyini bildirib. Bu göstərici müəyyən olunan proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çoxdur. Nazir müavini qeyd edib ki, 2024-cü ilin 11 ayında vergi daxilolmaları 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz, 2022-ci illə müqayisədə isə 86,5 milyon manat və ya 74,4 faiz artıb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb. Bu paket Muxtar Respublikada qeydiyyata alınan və orada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil olunacaq.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Naxçıvan

İqtisadiyyat