Macarıstanın “MVM Group” şirkəti bu il əldə edilən razılaşmaya əsasən, “Şahdəniz” qaz yatağında 5 faiz, ixraç boru kəməri sistemində isə Azərbaycan Qaz Təchizatı Şirkətinin 4 faiz səhminə malik olub. “MVM Group”un bu sövdələşməsi Macarıstanın qaz mənbələrinin şaxələndirilməsi və enerji təchizatçısından asılılığın azaldılması strategiyasına, eləcə də Avropa İttifaqının diversifikasiya səylərinə uyğun olaraq həyata keçirilib.
“MVM Group”un rəhbərliyi imzalanan layihələrin həyata keçirilməsində mühüm rol oynayan Səngəçal terminalı ilə tanış olmaq üçün bu mühüm strateji obyektə səfər edib. Terminalın əməliyyatlar sahəsindəki infrastrukturla, texnoloji qurğularla tanışlıq zamanı bildirilib ki, terminalda Xəzər dənizindəki yataqlardan çıxarılan neft və qaz qəbul edilərək emal olunur və ixraca yönəldilir. “Şahdəniz” yatağından hasil edilən qaz, o cümlədən AÇG-dən çıxarılan neft də terminala nəql olunur və buradan Cənubi Qafqaz Boru Kəməri, Bakı–Tbilisi–Ceyhan və Bakı–Supsa xətləri ilə dünya bazarına ixrac edilir.
Qonaqlara Xəzərdən hasil olan karbohidrogenlərin ixrac boru kəmərləri ilə nəql etmək imkanları, ölçmələrdən tutmuş həcmlərin nəzarəti, boru kəməri sisteminin təhlükəsizliyinin təmin edilməsi barədə də ətraflı məlumat verilib. Sonda bp şirkəti adından qonaqlara simvolik məna daşıyan “Şahdəniz” suveniri hədiyyə edilib.