Fermerlərə yeni subsidiyalar veriləcək

post-img

Aqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalı əkinlərinə görə, əkin subsidiyası ilə yanaşı məhsul subsidiyası da ala biləcəklər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarğıdalıya görə məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil edəcək. Özünə məxsus torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı, təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.

Yeri gəlmişkən, indiyə qədər Azərbaycanda yalnız pambıq, şəkər çuğunduru və tütünə görə məhsul subsidiyası verilirdi. Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ilindən qeyd olunan bitkilərlə yanaşı, qarğıdalıya görə də məhsul subsidiyası ödənilməsini qərarlaşdırıb. Şuranın qərarında məhsul subsidiyası ödəniləcək bitkilər siyahısında pambıq, şəkər çuğunduru, tütün və qarğıdalıdan başqa günəbaxan və soyanın da adları var.

Xatırladaq ki, əvvəllər qarğıdalı əkinlərinə görə subsidiya yalnız əkin və təkrar əkinə görə ödənilirdi. 2025-ci təsərrüfat ilində də qarğıdalı əkən fermerlər məhsul subsidiyasından başqa əkin və təkrar əkin subsidiyaları alacaqlar. Aqrar Subsidiya Şurasının qərarına əsasən, gələn il müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə qarğıdalı becərilməsinə üçün fermerlərə hər hektara görə 290 manat, müasir suvarma sistemləri quraşdırılmamış qarğıdalı sahələrinə görə isə hər hektara 230 manat əkin subsidiyası ödəniləcək. Təkrar qarğıdalı əkinlərinə görə isə fermerlərə hər hektar üçün 120 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

 

İqtisadiyyat