Məlum olduğu kimi, 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Bu il yanvarın 23-də isə Prezident İlham Əliyev Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunu təsdiqləyib.
Ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən sənəd ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsinə imkan yaradıb. Bununla yanaşı, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını özündə ehtiva edən Rəqabət Məcəlləsi ölkədə azad sahibkarlığın inkişafı, iqtisadiyyatda inhisarçılığın tamamilə aradan qaldırılması və süni maneələrin götürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cari ilin yanvar–oktyabr aylarında ölkəmizdə Rəqabət Məcəlləsinin tətbiqi ilə bazar subyektlərinin maneəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, liberal bazar münasibətlərinin inkişafının dəstəklənməsi, o cümlədən ölkədə rəqabət siyasətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu barədə XQ-yə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən hazırlanmış məlumatda bildirilir ki, 2024-cü ilin 10 ayı ərzində ölkədə rəqabət intizamının qorunması və inhisarçı davranışlarla mübarizə istiqamətində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən, ümumilikdə, 146 müraciətə baxılıb, onlardan 87-si təmin olunub. Eyni zamanda, antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı daxil olmuş 21 müraciətdən 16-sı müsbət həllini tapıb. Hesabat dövründə iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış 61 müraciətdən 33-ü, rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər 48 müraciətin isə 28-i təmin edilib.
Bazara giriş maneələri, təmərküzləşmə səviyyəsi, kartel tipli əlaqələr, dempinqli idxalın müəyyən edilməsi və qarşısının alınması məqsədilə bir sıra əmtəə bazarlarında – maliyyə xidmətləri, mobil telefonların satışı bazarında rəqabət vəziyyətinin təhlil edilməsinə dair tədbirlər həyata keçirilib. Rəqabət qanunvericiliyə riayət olunması üzrə araşdırmalar aparılıb və müvafiq bazarlarda məhsul növləri müəyyən edilib.
Hesabat dövründə Dövlət Xidməti tərəfindən rəqabətpozucu davranışlarla mübarizə istiqamətində istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən və sahibkarların rəqabət imkanlarını məhdudlaşdıran haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadənin qarşısının alınmasına yönəlmiş tənzimləyici tədbirlər həyata keçirilib. Dövlət Xidmətinin məlumatına əsasən, ilin əvvəlindən qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış 98 müraciətin 58-i təmin olunub. Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində, ümumilikdə, 29 bazar subyekti tərəfindən reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.
Cari ilin 10 ayında Dövlət Xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 130 müraciətə baxılıb. Rəqibin üzərində əsassız üstünlük qazanmaq, onun təsərrüfat qərarlarının qəbuluna və icrasına qanunsuz vasitələrlə təsir göstərməklə haqsız rəqabətə yolvermə əlamətləri üzrə Dövlət Xidməti tərəfindən 1, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri üzrə isə 3 iş qaldırılıb, 9 işə (5-i ötən ildən davam edən) baxılması başa çatdırılıb. Görülmüş tədbirlər nəticəsində təsərrüfat subyekti tərəfindən yol verilmiş pozuntular aradan qaldırılıb.
Rəqabətli biznes mühitinin təmin olunmasını, bazar subyektlərinin rəqiblərinə qarşı ədalətli davranışını və rəqabət qanunvericiliyinə riayəti təşviq edən tədbirlər çərçivəsində haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib və icrasına məcburi göstəriş verilib. Bundan əlavə, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlər zamanı görülmüş tədbirlər nəticəsində 23 bazar subyekti tərəfindən neqativ hallar könüllü aradan qaldırılıb.
Bu ilin yanvar–oktyabr aylarında təbii inhisar subyektlərinin azad rəqabətə və müştəri mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun tənzimləyici tədbirlər həyata keçirilib, müvafiq sahədə bərabər, şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərin formalaşmasının təmin edilməsinə dair tələblər təbii inhisar subyektlərinin diqqətinə çatdırılıb.
Hesabat dövründə Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar 1156 müraciətə baxılıb. Həmin müraciətlərin 292-si təmin olunub, 550 halda qanunamüvafiq izahat və tövsiyə, 116 halda rəy və təklif verilib. Müraciətlərin 28-i baxılması üçün aidiyyəti orqana göndərilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 1 halda zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb. Hazırda 166 müraciət üzrə araşdırmalar davam etdirilir.
Xatırladaq ki, ilin əvvəlindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan vətəndaş müraciətləri, əsasən, kommunal, hava yolu nəqliyyatı, dəmir yolu nəqliyyatı, suvarma (meliorasiya və irriqasiya), poçt xidmətləri və digər sahələri əhatə edib.