Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki avtomobil yolu layihələrinin icrası 2026-cı ilə qədər başa çatdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında 2022-2026-cı illərdə 20 avtomobil yolu layihəsinin tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Bu layihələrdən 7-nin tikintisi artıq başa çatıb, digərlərinin icrasının isə 2026-cı ilə qədər yekunlaşdırılması planlaşdırılıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, cari ilin 5 ayı ərzində, ümumilikdə, 70,5 min nəfər əhalinin yaşadığı 68 yaşayış məntəqəsini birləşdirən 263,1 kilometr uzunluğa malik 10 kəndlərarası avtomobil yolu layihəsinin icrası həyata keçirilib. Bununla yanaşı, Bakı ərazisində də vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, eyni zamanda, nəqliyyat sıxlığının azaldılması məqsədilə tikinti və təmir işləri davam etdirilib.