Transxəzər dəhlizində “yaşıl işıq” yanır

post-img

Avropa iqtisadiyyatı koronavirus pandemiyası və anti-Rusiya sanksiyalarından böyük ziyan çəkib. İndi isə yeni problemlərlə üzləşib. İqtisadi Məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni “Bloomberg” agentliyinə verdiyi müsahibəsində bildirib ki, husilərin Qırmızı dənizdəki fəaliyyəti tezliklə Avropa İttifaqı (Aİ) üçün ciddi problemə çevriləcək: “Yaxın həftələrdə Avropada enerji qiymətləri arta bilər ki, bu da digər malların qiymətlərinə təsir edəcək və inflyasiyanı sürətləndirəcək”.

Onun sözlərinə görə, ticarət gəmilərinə hücumlardan sonra 40 futluq (1 fut –30,48 santimetr) konteynerlərdə malların daşın­ması tarifləri iki dəfə artıb. Xüsusilə, bugünə olan məlumata görə, Çin və Niderland ara­sında tranzit qiyməti keçən ilin dekabr ayı ilə müqayisədə 115 faiz çoxdur. Bu səbəbdən Çin yüklərinin təhlükəsiz və daha ucuz da­şınması üçün alternativ nəqliyyat yollarına maraq göstərir. Belə yollar var: Şimal və Transxəzər dəhlizləri. Onlardan ən sərfəlisi Transxəzər dəhlizidir və hazırda fəaliyyət göstərir. 2027-ci ilə kimi bu dəhlizlə 10 mil­yon ton yükdaşımaları nəzərdə tutulur.

Şimal dəhlizinə əsas alternativ olan Transxəzər dəhlizi vasitəsilə Çindən Av­ropaya 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Şimal dəhlizi bu məsafə 10 min kilometrdir. Beynəlxalq Da­şıyıcılar Assosiasiyasının rəhbəri Şerafettin Aras bildirib: “Transxəzər dəhlizi 2000-ci illərin əvvəllərində “yüklərin və sərnişinlə­rin Çindən Avropa ölkələrinə quru yolu ilə daşınması üçün Yeni İpək Yolu konsepsiyası çərçivəsində effektiv marşrut” kimi logistika gündəminə daxil olub. Türkiyədən Qafqaza, oradan Xəzər dənizi vasitəsilə Türkmənistan və Qazaxıstana qədər uzanan və Çinə çatan dəhliz ciddi potensialı ilə seçilir. Bu dəhliz Türkiyənin də logistika və investisiya po­tensialı ilə Avropa və Asiya arasında qlobal ticarət imkanlarının açılmasında aparıcı rol oynayır. Səmərəli marşrutdur”. 

Transxəzər dəhlizi yalnız Çin üçün cəlbedici deyil. O, ilk növbədə, zaman və mə­safənin azalması baxımından yük sahibləri üçün cəlbedicidir. Digər tərəfdən, Qırmızı dənizdə baş verən hadisələr səbəbindən Çi­nin dəhlizdə daşınmalarının həcmini artması labüddür. Artıq Çin bu marşrutla yük daşı­malarını artırır. Onun həcminin artması isə hər bir iştirakçı ölkədə sənayenin müxtəlif istiqamətlərinin, xidmət sahələrinin və s. in­kişafına təkan verəcək ki, bu da əlavə dəyər yaradaraq əlavə gəlir gətirəcək. Türkiyə ilə yanaşı, Azərbaycan da öz ərazilərindən daşınan yüklərə əlavə dəyər qatmaqla daha çox faydalana biləcək. Eyni zamanda, bütün region dövlətləri yeni fürsətlər qazanacaq­lar. Məsələn, Qazaxıstan ötən 2023-cü ildə nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzə­rindən tranzit olaraq 2,5 ton yük daşıyıb. Bu da 2022-ci illə müqayisədə 107 faiz artım deməkdir. Dünya iqtisadiyyatında böyük rola malik olan Çinin həcmi artıq trilyon dollarla çatan ixrac potensialı var. Çin ix­racatının 10 faizini Transxəzər vasitəsi ilə həyata keçirsə, tranzit ölkələr, o cümlədən Azərbaycan ildə 2,5– 3 milyard dollar tran­zit gəlir əldə edə biləcək.

Bundan başqa, Qərbin Rusiya ilə mü­nasibətlərindəki gərginlik və Aİ–ABŞ cürlüyünün Rusiya Federasiyası və İrana qarşı sanksiyalarının genişləndirilməsi də Transxəzər dəhlizinin əhəmiyyətini artırıb. Son illər Rusiya–Ukrayna münaqişəsi qlobal geosiyasət üçün ciddi nəticələr yaradıb. Ru­siyanı məhsullarının Avropaya və ya Asiya­ya tədarükündə nəqliyyat dəhlizi kimi görən ölkələr indi alternativ variantlar axtarırlar. Əlbəttə, bu, Çin, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinə də aiddir. Onlar nəqliy­yat sahəsində vəziyyətin dəyişməsi fonunda Transxəzər layihəsini daha çox dəstəkləməyə başlayıblar. 

Son iki ildə Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra dəhliz, həqiqətən də inkişaf üçün əlavə stimul əldə edib, çünki bu, Çin və Aİ arasında malların Rusiya Federasiyası ərazisindən yan keçərək çatdırılmasına im­kan verir. 

Qeyd edək ki, 2024-cü il yanvarın 29–30 tarixlərində Brüsseldə keçiriləcək “Qlobal Gateway – Avropa və Mərkəzi Asiya arasın­da dayanıqlı nəqliyyat əlaqələri” adlı İnves­tor Forumunun gündəminin əsasən məhz bu layihə çərçivəsində keçirilməsi təsadüfi sayı­la bilməz. Layihənin əsas məqsədi Orta nəq­liyyat dəhlizinin 15 gün və ya daha az müd­dətdə Avropanı Mərkəzi Asiya ilə birləşdirən müasir, rəqabətədavamlı və dayanıqlı dəhlizə çevrilməsidir.

Tranxəzər dəhlizini əhəmiyyətli edən di­gər səbəb isə türk dövlətləri arasında əlaqələ­rin inkişaf etdirilməsidir. Dəhliz 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula (ÜDM) malik Türk dövlətlərini birləşdirən bir layihədir. 

Onun bir hissəsi də Bakı–Tbilisi–Qars dəmir yolu xəttidir. Bu layihə yük və sərni­şinlərin birbaşa olaraq Azərbaycan, Gürcüs­tan və Türkiyə ərazilərindən keçməklə Avro­pa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının art­masına, dünyaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafı­na, habelə ölkəmizin xarici iqtisadi əlaqələri­nin genişlənməsinə xidmət edir. 

Beləliklə, Transxəzər dəhlizi müəyyən dərəcədə transkontinental ticarət üçün iqti­sadi və geosiyasi dayanıqlılığı təmin edir. Etibarlı marşrut kimi Mərkəzi Asiya və Cə­nubi Qafqazın ticarət və inkişaf potensialının açılmasına töhfə verir, limanlara çıxış yolu ilə bu regionların Çinə, Avropaya və dünyaya inteqrasiyasına imkan yaradır. 

P.ƏFƏNDİYEV
XQ

 

İqtisadiyyat