Maliyyə əlçatanlığının təmin olunmasına böyük ehtiyac var

post-img

Ölkədə fəaliyyət göstərən 23 bank üçün kreditlər üzrə faiz gəlirləri 306,2 milyon manat və ya 17% artıb. Bankların bu qədər yüksək faizlə kredit verməsi vətəndaşlar üçün hansı problemlər yarada bilər?

Mövzu ilə bağlı XQ-ya danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, kredit faizləri banklarda yüksəkdir. İqtisadçı-ekspert onu da qeyd edib ki, banklar vətəndaşlardan gələn faiz dərəcəsi ilə maliyyələşmir, bankların bir neçə istiqamətdə gəlir mənbəyi var, onların müxtəlif fəaliyyət istiqamətləri vardır:

“Bankların ümumi faiz gəlirlərini nəzərə alsaq, 23 bankın faiz gəlirləri üç yüz milyon manatdan artıq olub, 17 faiz o qədər də böyük rəqəm deyil, daha real mənzərəni izləmək üçün hansı bankın nə qədər gəlir əldə etdiyinə baxsaq bu zaman real mənzərəni görə bilərik.

Düşünürəm ki, bilavasitə banklar vətəndaşlardan gələn faiz dərəcəsi ilə maliyyələşmir. Bankların bir neçə istiqamətdə gəlir mənbəyi var, onların müxtəlif fəaliyyət istiqamətləri vardır.

Kredit faizlərindən gələn gəlir isə müəyən bir hissəni təşkil edir. Bu ilin 10 ayı ərzində 23 bank üzrə üç yüz milyonluq göstərici o qədərdə böyük göstərici deyil. 

Sahibkarlığın inkişafı üçün aşağı faizlərin əldə olunması imkanları var, amma bunlar elə də geniş deyil. Sahibkarlar qarşısında müəyyən şərtlər vardır ki, yanlız bu şərtlər daxilində onlar kreditlərdən yararlana bilərlər.

İstehlak kreditlərini başa düşmək olar, amma sahibkarlara yönəlik fəaliyyətlərin dəstəklənməsi üçün maliyyə əlçatanlığının təmin olunmasına böyük ehtiyac var”.

QEYD: Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) müştərilərə verilmiş kreditlər üzrə 2 milyard 101 milyon 782 min manat faiz gəlir əldə ediblər.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankların kreditlər üzrə faiz gəlirləri 306,2 milyon manat və ya 17% artıb.

Ayşən AZADOVA
XQ



İqtisadiyyat