“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

post-img

Noyabrın 16-17-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, konfransda beynəlxalq nəqliyyat dəhlizlərinin Avrasiya kontinentində iqtisadi inkişafa təsiri, Zəngəzur dəhlizinin açılması və mövcud nəqliyyat sistemlərinə inteqrasiyası, bu sistemlərin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması, dəhliz boyu ölkələrdə innovativ gömrük mexanizmlərinin tətbiqi problemləri müzakirə olunacaq.

Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin əməkdaşları, alimlər, beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Konfrans noyabrın 16-da Zəngilan Konqres Mərkəzində (Zəngilan şəhəri) və 17-də “Baku Marriott Boulevard” otelində (Bakı şəhəri) əyani formada keçiriləcək. Məruzə və müzakirələrin internet üzərindən açıq izlənməsi imkanı təmin ediləcək.

İqtisadiyyat