Gürcü ekspert: Azərbaycanla Gürcüstanın əlaqələri yeni müstəvidə daha da genişlənib

post-img

Bizim ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimiz yeni müstəvidə daha da genişlənib və möhkəmlənib. Mən Azərbaycan ilə Gürcüstan arasındakı münasibətləri yüksək qiymətləndirirəm. Bizim çox yaxşı və nümunəvi münasibətlərimiz var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Azərbaycandakı sabiq səfiri, Gürcüstanın Neft və Qaz Korporasiyasının baş məsləhətçisi Zurab Qumberidze söyləyib.

Z.Qumberidze “Caspian Energi Club”un təşkilatçılığı ilə Tbilisidə keçirilən forumun əhəmiyyətini yüksək qiymətləndirib: “Mən artıq 20 ildən çoxdur ki, Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirəm. Biz yeni layihələr üzərində çalışırıq ki, yeni imkanlar, yeni əlaqələr, investorlar tapaq və imkanlarımızı, əhatə dairəmizi daha da genişləndirək. Bunun üçün geniş imkanlar və yaxşı şərait var. İnanıram ki, bu forum, eləcə də gələcəkdə keçiriləcək bu cür tədbirlər əməkdaşlığımızı daha da genişləndirəcək və inkişaf etdirəcək”.

Onun sözlərinə görə, ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimiz yeni müstəvidə daha da genişlənib və möhkəmlənib. Biz, eyni zamanda, hamıya sübut etdik ki, sabit, etibarlı, mehriban qonşu, dost və çox vacib tərəfdaş ölkələrik. Bu da dünya üçün çox vacib amildir.

Z.Qumberidze deyib ki, hər il qarşımızda yeni imkanlar açılır və yeni hədəflər müəyyənləşir. Bura çox vacib ekoloji, eləcə də hazırda reallaşan və həyata keçirilməkdə olan beynəlxalq əhəmiyyətli layihələr daxildir. Biz bu illər ərzində çox böyük uğurlar qazanmışıq, lakin bu proses dayanmamalıdır və biz yeni-yeni uğurlar qazanmalıyıq. Bunun üçün isə çox böyük imkanlar var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

İqtisadiyyat