Beynəlxalq idman liderləri Bakıda toplaşacaq

post-img

Bu ilin 24-28 may tarixlərində Bakı dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan “SportAccord” Konvensiyasına ev sahibliyi edəcək.

Hazırda Konvensiya üçün “Early Bird” (erkən qeydiyyat) mərhələsi davam edir və 31 yanvar tarixinədək iştirakçılara ən əlverişli və xüsusi şərtlərlə qeydiyyat imkanı təqdim olunur.

SportAccord beynəlxalq idman federasiyalarını – həm Olimpiya, həm də qeyri-Olimpiya qurumlarını – birləşdirən yeganə qlobal çətir təşkilatdır. Hər il keçirilən SportAccord Konvensiyası qlobal idman elitasını — beynəlxalq federasiyaların rəhbərlərini, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini, aparıcı yayımçıları və texnologiya şirkətlərini — bir araya gətirən əsas beynəlxalq platformadır.

Bakıda keçiriləcək Konvensiya Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi ən müasir və nüfuzlu məkanlarında təşkil ediləcək. Qafqazın ən böyük konqres mərkəzi olan Bakı Konqres Mərkəzi iştirakçılara elit peşəkar mühit, beynəlxalq şəbəkələşmə (networking) və sərgi imkanları təqdim edəcək.

SportAccord 2026 yalnız beynəlxalq nümayəndələr üçün deyil, eyni zamanda Azərbaycanın idman federasiyalarının, klub rəhbərlərinin, idman marketinqi və media mütəxəssislərinin, gənc idman liderlərinin qlobal idman elitası ilə birbaşa təmas qurmaq imkanı yaradır.

Qeyd edək ki, erkən qeydiyyat mərhələsi – “Early Bird” – 31 yanvar tarixinədək davam edir.
Bu mərhələdə qeydiyyatdan keçən iştirakçılar Konvensiyada iştirak üçün xüsusi endirimli  şərtlərdən yararlana bilərlər.

Eyni zamanda, yerli şirkətlər və təşkilatlar üçün tərəfdaşlıq və sərgi imkanları mövcuddur. Bu, öz brendini qlobal idman elitası qarşısında təqdim etmək və beynəlxalq əməkdaşlıqlar qurmaq üçün unikal platformadır.

XQ























İdman