Naxçıvanda Voleybol üzrə "Suverenlik Kuboku"  uğrunda birinciliyə start verilib

post-img

Naxçıvan şəhərində "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar yeniyetmə oğlan və qız voleybolçular arasında “Suverenlik kuboku” uğrunda birincilik keçirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) Naxçıvan filialı tərəfindən birgə təşkil olunan yarışda Azərbaycan və Türkiyəni təmsil edən 4 qız və 4 oğlan komandası iştirak edir. 

İlham Əliyev adına Olimpiya İdman Kompleksində birinciliyin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Heydər Əliyev adına hərbi liseyn kursantları da iştirak edib. Mərasimin əvvəlində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Qarnizonu hərbi orkestri tərəfindən Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. 

Sonra rəsmi çıxışlar dinlənilib. AVF Naxçıvan filialının direktoru Vüqar Əliyev iştirakçıları salamlayaraq bildirib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi təməli olan Konstitusiyamız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş, bu sənəd xalqımızın suverenlik iradəsini və dövlətçilik prinsiplərini təsbit etmişdir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş güclü dövlətdir. Qeyd olunub ki, bu tarixi nailiyyətlərin fonunda keçirilən “Suverenlik kuboku” gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, dövlət rəmzlərinə və milli dəyərlərə hörmət hissinin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş strategiya nəticəsində bu gün Azərbaycanın adı beynəlxalq idman arenalarında uğurla səslənir, idmançılarımız dünya arenalarında yüksək nəticələrə imza atırlar. Naxçıvan Muxtar Respublikasında da bu siyasət uğurla həyata keçirilir. Gənclərin idmana cəlbi istiqamətində ardıcıl və sistemli tədbirlər görülür. Naxçıvanda köklü ənənələrə malik olan voleybolun inkişafı istiqamətində görülən işlərdən bəhs edən Məcid Seyidov qeyd edib ki, son zamanlar qazanılmış nailiyyətlər bu sahədə gərgin əmək, zəhmət və davamlı dövlət dəstəyinin nəticəsidir. Turnirdə Azərbaycan və Türkiyəni klublarının iştirakını idman müstəvisində də qardaşlıq və dostluq əlaqələrinin, eyni zamanda qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı kimi dəyərləndirən nazir müavini, sonda bütün iştirakçılara uğurlar arzulayıb. 

Çıxışında xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini səsləndirməklə ölkələrarası qardaşlıq münasibətlərindən duyulan dərin məhəbbəti ifadə edən İğdır Gənclik və İdman İl müdiri Recai Şahin Türkiyə klublarının ardıcıl ikinci dəfə Naxçıvanda keçirilən voleybol yarışında təmsil olunmasından böyük məmnunluqluq duyduqlarını ifadə edib. Qeyd olunub ki, ortaq tarixi, mədəniyyəti, dəyərləri olan iki qardaş ölkənin birlik və bərabərlik ideologiyası idman əlaqələridə də özünü göstərir. Bu cür yarışlar hər iki ölkə idmançılarının peşəkar inkişafı baxımından əhəmiyyətlidir. 

Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirhani Seyidov ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər və qazanılan nailiyyətlərdən bəhs edib və bildirib ki, 2025-ci ildə qeyd etdiyimiz əlamətdar hadisələrin mərkəzində dayanan "Konstitusiya və Suverenlik İli" Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarındakı qələbələrimizin təntənəsidir. Zabit bu cür yarışların gənclərin vətənpərvərlik tərbiyəsindəki rolunu xüsusi vurğulayıb.

Cıxışlardan sonra komandalar meydana dəvət olunub. Naxçıvanı təmsil edən komandaların kapitanları Məhəmməd Orucov və Zeynəb Babayeva qonaq komandalara xatirə hədiyyələri təqdim ediblər. Sonra oğlanlardan ibarət “Naxçıvan” və “Murov Az Terminal” komandaları açılış oyununa çıxıblar.

Qeyd edək ki, yarışın mükafatçıları dekabrın 20-də keçiriləcək həlledici qarşılaşmarldan sonra bəlli olacaq.

Səbuhi HƏSƏNOV

 







İdman