Güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi Mingəçevir şəhərində keçirilib.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, tədbirə həmin şəhərdə, o cümlədən Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimləri qatılıblar.
Seminarın nəzəri hissəsi Mingəçevir Gənclər Evində keçirilib. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli bu cür layihələrin ənənəvi olmasını arzulayıb. Qurumun Hakimlər Kollegiyasının sədri Qərib Əliyev bölgələrdə güləşin inkişafı üçün atılan addımlardan danışıb. Daha sonra qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 yığmasının məşqçisi Elbrus Məmmədov regiondan olan mütəxəssislərə öz tövsiyələrini çatdırıblar. Onlar yeniyetmə idmançılara həddən çox çəki saldırmağın fəsadlarını xüsusilə qeyd etməklə yanaşı, bu prosesin milli komandaların məşqçilərinin işinə də əngəl törətdiyini vurğulayıblar. I-S kateqoriyalı referi Sədi Quliyev müxtəlif yarışlardan hazırlanmış videoları nümayiş etdirərək, hakimlər tərəfindən verilmiş qərarları şərh edib.
Seminarın praktiki hissəsi isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub. Əvvəlcə H.Məmmədyarov sərbəst, daha sonra isə E.Məmmədov yunan-Roma güləşi üzrə nümunəvi məşq keçib.
Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 21-də Qəbələ şəhərində reallaşacaq.