“Küləyə qalib gəl”ənlər...

post-img

“Bakı marafonu 2024”də 18 mindən çox iştirakçı yarışdı

Bakı sakinləri və şəhərimizin qonaqlarının iştirakı ilə paytaxtımızda daha bir ənənəvi marafon böyük uğurla keçirilib. “Küləyə qalib gəl” şüarı ilə təşkil edilən yarışın startı səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında yarış əhval-ruhiyyəsi yaşanıb. Belə ki, atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl pilates, fitness, yoqa, isinmə, boks, zumba, kardio üzrə məşqlər keçirilib. Yarışı dəstəkləyənlər üçün isə əyləncə dolu “fan zona” - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilib. 

Startı və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olan marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib. 21 kilometrlik məsafəni əhatə edən yolda maskotlar, su, nəqliyyat və tibb məntəqələri də təşkil olunub. Artıq 7-ci dəfə təşkil edilən marafona 200-dən çox fəxri qonaq, 6 mindən çox tələbə qatılıb. Yarışda Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilərin, həmçinin digər ölkələrdən də qoşulanların olması onu daha rəngarəng və cəlbedici edib. 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən “Bakı marafonu 2024”də 18 mindən çox iştirakçı yarışıb. 2016-cı ildən təşkil olunan Bakı marafonunda hər il iştirakçılarının sayının artması da yarışa olan marağın göstəricisidir. 

Gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında iştirakçıların sayının ilbəil artmasının sevindirici hal olduğunu bildirib. Qeyd edib ki, digər müsbət məqam isə finişə çatan marafonçuların sayının da çoxalmasıdır. Bu, daha çox insanın idmanla məşğul olması deməkdir. Fərid Qayıbov Nazirliyin Azərbaycan Atletika Federasiyası ilə birlikdə hər ay müxtəlif yarışlar təşkil etdiyini diqqətə çatdırıb. 

Artıq 3-cü dəfədir Bakı marafonunda iştirak etdiyini deyən nazir, ötənilki nəticəsini 20 dəqiqə yaxşılaşdırdığını, bu dəfə 9 dəqiqə daha tez finişə çatdığını vurğulayıb. 

Yarışın qalib və mükafatçıları, eləcə də iştirakçılar təəssüratlarında maraqlı məqamlara diqqət çəkiblər. Kişilər arasında qalib adını qazanan Ahmet Alkanoğlu yarışın adına uyğun olaraq “küləyə qalib gəldiyini” deyib. 1 saat 6 dəqiqə ərzində finişə çatan idmançı yarışın çətin, lakin maraqlı mübarizə şəraitində keçdiyini qeyd edib.

– Küləkli havada qaçmaq, təbii ki, asan deyil. Marafonda rəqabəti də xüsusi vurğulamaq istəyirəm. Qaçışla 12 ildir məşğulam. Bundan əvvəl digər marafonlarda da yüksək nəticələr göstərmişəm. 

Yarışın qadınlar arasında qalibi ukraynalı Natalya Semonoviç ilk yerə asanlıqla yüksəldiyini bildirib. Ötən il analoji yarışda da 1-ci yeri tutan idmançı yenidən qalib titulunu qazandığı üçün çox sevindiyini dilə gətirib. 

– Ötən yarışda qarşıya rekord qazanmaq məqsədi qoymuşdumsa, bu dəfə qalib olmaq üçün yarışırdım. Hər iki yarışda fəxri kürsünün ən yüksək pilləsinə yüksəldiyim üçün xoşbəxtəm. Belə bir yarışda qalib gəlmək gözəl bir hissdir. 

Marşrut boyu DJ-lər, könüllülərdən ibarət əyləncə komandaları marafonçuları qarşılayıb, xüsusi könüllü qrupları iştirakçıların marşrut boyu istiqamətləndirilməsinə kömək ediblər. 

Marafonun yekun nəticəsinə görə, qadınlar arasında mübarizədə yalnız Nataliya Semenoviçdən geri qalan Azərbaycan təmsilçisi Anna Yusupova 2-ci yeri tutub. Qazaxıstanlı Nelli Qaitova isə 3-cü yerdə qərarlaşıb. 

Kişilərin mübarizəsində isə Ahmet Alkanoğludan sonra finişə çatan ukraynalı Boqdan Semenoviç 2-ci, uqandalı İsmail Senyange 3-cü yerləri tutublar. 

Beləliklə, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyan marafon yarış iştirakçılarında, eləcə də onu izləyən hər kəsdə unudulmaz təəssüratlar yaradıb. 

Leyla QURBANOVA 
XQ

 



İdman