Azərbaycanın qadın millisi komandalararası Avropa çempionatında uğurla çıxış edərək tarixində ilk dəfə gümüş medal qazanıb. İdman ictimaiyyəti, şahmat həvəskarları ilə yanaşı, hər bir azərbaycanlı qızlarımızın tarixi qələbəsi ilə qürur duyur.
Qızlarımızın ilk turlardan sona kimi liderlər qrupunda mübarizə aparmaları onların yaxşı formada olmasından xəbər verir. Komanda üzvlərindən 3-ü – Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva fərdi nəticələrə əsasən də, mükafatalayiq yerlər tutublar. Onlar, həm də öz lövhələri üzrə gümüş medal alıblar. Son turda millimizin heç də zəif təsir bağışlamayan Serbiya yığmasını da məğlub etməsi onların əzmkar xarakteri və komanda ruhunun yüksək olması ilə bağlıdır.
Tanınmış qadın şahmatçımız Zeynəb Məmmədyarova ilə söhbətimiz zamanı da o, məhz yığmada möhkəm birliyin dönməz komanda ruhunu yaratdığını bildirdi:
– Yığmamızın qazandığı nəticə möhtəşəmdir. Komandamız 3-cü yerdə qərarlaşan Fransadan 3 xal üstündür. Qızlarımız çempionluğa layiq oyunlar nümayiş etdirdilər. Rəqiblərə qarşı yüksək səviyyədə mübarizə aparan komandamızın üzvlərinin əldə etdiyi qələbə bizdə fəxarət hissi doğurur. Sevindirici haldır ki, artıq qadın komandamız da kişi şahmatçılar kimi “Top-3”-də yer alırlar. Qızlarımız çox güclü şahmat biliyinə sahibdirlər. Qadın şahmatının inkişafı üçün Azərbaycan Şahmat Federasiyası tərəfindən kompleks tədbirlər həyata keçirilir. Qızlarımızın hazırlığında belarusiyalı məşqçi Mixail Şereşevskinin əməyini də xüsusi vurğulamaq lazımdır. Bu nailiyyət şahmatın qızlar arasında inkişafına böyük təkan verəcək.
Avropa çempionatında əldə edilən bu böyük uğur yeniyetmə və gənc şahmatçılarımız üçün gözəl motivasiyadır. Hazırda İtaliyada 14, 16 və 18 yaşlı qız və oğlanlar arasında dünya birinciliyində iştirak edən yığmamızın üzvləri böyük ruh yüksəkliyi ilə mübarizəni davam etdirirlər. 94 ölkədən 1000-ə yaxın şahmatçının mübarizə apardığı yarışa yeniyetmələrdən və gənclərdən ibarət komandamızın baş məşqçisi Fərid Abbasovun rəhbərliyi ilə yollanan şahmatçılarımız da yüksək nəticə qazanmaq üçün ciddi səy göstərirlər.
Fərid Abbasov “Xalq qəzeti”nə verdiyi açıqlamasında qadın komandamızın Avropa çempionatında qazandığı gümüş medalın parlaq nəticə olduğunu qeyd etdi:
– Bu böyük qələbə qadın şahmatçılarımızın güclü potensialını göstərdi. Bu, yığmamızın hazırlığı istiqamətində Gənclər və İdman Nazirliyi, həmçinin federasiya tərəfindən görülən tədbirlərin bəhrəsidir. Təqdirəlayiq haldır ki, komandamızın üzvlərinin əksəri gənclərdir. Ümumiyyətlə, son illər qızlar arasında şahmat kütləvi hal almağa başlayıb. Elə hazırda davam edən dünya birinciliyində 18 yaşlı qızlar arasında Ayan Allahverdiyeva ilk turlardan liderlik edir. Ötən 7 turun nəticəsinə əsasən, o, 1-ci pillədə qərarlaşıb. Aşağı yaş qruplarında da qızlar arasında istedadlı şahmatçılar yetişir.
Medal kolleksiyasında 3 qızıl (2009, 2013, 2017), 1 gümüş (2011), 1 bürünc (2007) olan kişilərdən ibarət yığmamız yarışı mükafatsız başa vurub. Bir tərəfdən Azərbaycan yığmasının komandalar arasında Avropa çempionatının reytinq favoriti olması, digər tərəfdən güclü heyət yüksək nəticəyə böyük ümidlər verirdi. Heyətində elitar şahmatçılar Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, son dünya kubokunda göstərdiyi oyunlarla dünyanın diqqətini cəlb etmiş Nicat Abasov, yığmaya həlledici qələbələr qazandıran Rauf Məmmədov, Vasif Durarbəyli Rusiya, Ukrayna kimi komandaların iştirak etmədiyi bu yarışda çempionluğu hədəfləmişdilər. İlk görüşdə gözlənilmədən Danimarkaya məğlub olan yığmamız sonrakı iki turda ardıcıl qələbə qazanıb azarkeşlərdə qələbəyə ümid yaratsa da, sonrakı qarşılaşmalar o qədər də uğurlu olmayıb. Belə ki, komanda Xorvariya, Yunanıstan, Moldovaya uduzub, Monteneqro, Belçika üzərində qələbə qazanıb. Son turda İtaliya yığması ilə heç-heçə edib. Bu nəticə ilə yığmamız turnir cədvəlinin xeyli aşağı sıralarında, 18-ci yerdə qərarlaşıb.
Leyla QURBANOVA
XQ