"Yarışla bağlı ümumi təəssüratlarımız çox yaxşıdır"-İran idmançısı

post-img

Bu gün Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışında Çin yığmasının üzvləri rəqibləri böyük fərqlə məğlub edib. 16 xalla çinlilərin qızıl medal qazandığı yarışda 2 xal toplayan İran komandası gümüş medala sahiblənib. İran milli komandasının üzvləri yarışlarla bağlı təəssüratlarını bölüşüblər.

İranlı qadın idmançı Şermineh Çehel Amirani turnirin təşkilatçılığından razılığını ifadə edib: “Yarışla bağlı ümumi təəssüratlarımız çox yaxşıdır. Bakı Atıcılıq Mərkəzində hər şey qaydasındadır. Neçə gündür Bakıdayıq. Təhlükəsizliklə bağlı heç bir problemimiz yoxdur”.
Onun komanda yoldaşı Amir Məhəmməd Nekunam isə Çin komandasıyla final görüşündən danışıb: “Bu, idmandır. İdmanda udmaq da olur, uduzmaq da. Biz görüşə yaxşı başladıq. Ancaq Çin komandası çox güclü idi. Əsas odur ki, yekunda medalsız qalmadıq”.

O, ölkələrində məşq etməklə bağlı çətinliklərinin olduğunu bildirib: “İranda məşq edən zaman güllə ilə bağlı problem yaşayırıq. Ancaq bu problemi müxtəlif ölkələrlə əməkdaşlıq edərək həll edirik. Məhdud olsa da, məşq üçün müəyyən qədər məşq etmək üçün imkanımız var”.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman