Ulu öndər Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşü keçiriləcək.

post-img

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), "Qalatasaray" İdman Klubunun və Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, Azfar Group-un baş sponsorluğu və Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə "Galatasaray"ın UEFA kubokunu qazandığı gündən düz 23 il sonra, sabah İstanbulda - Florya Metin Oktay təsislərində türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşü keçiriləcək.

Matçda "Qalatasaray"ın əfsanələri ilə Azərbaycan idman jurnalistlərinin milli komandası üz-üzə gələcək.

Oyunun keçirilməsinin ideya müəllifi AİJA-nın vitse-prezidenti, Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovun köməkçisi və Sports.az saytının baş redaktoru Anar Şabanoğludur. O, "Qalatasaray" klubuna ölkəmizdə və Türkiyədə tanınan idman jurnalisti Elçin Cəfərovun vasitəsilə Ulu Öndərin əziz xatirəsini yad etmək üçün belə bir görüşün keçirilməsi haqda təklif göndərib. Təklif müsbət qarşılanıb. 

Qardaşlıq matçında Hakan Balta, Ayhan Akman, Kerem İnan, Faruk Atalay və digər ulduzların iştirakı, 2000-ci ildə UEFA kubokunu qazanan əfsanəvi heyətin bir çox futbolçusunun isə oyuna qonaq qismində qatılacağı gözlənilir. 

AMF prezidenti Taleh Nəsibov və AİJA prezidenti Eldar İsmayılov da hazırda bu qardaşlıq görüşü üçün İstanbuldadır.

Minifutbol üzrə milli komandamıza Avropa çempionluğunu qazandırmış Elşad Quliyev bu oyunda idman jurnalistlərindən ibarət millimizin oynayan baş məşqçisi olacaq.

 

İdman