99-cu titul, 100-ə nə qaldı ki...

post-img

Həftəsonu Avropanın 5 böyük çempionatından ikisində çempionlar vaxtından əvvəl müəyyənləşib. Belə ki, Niderland çempionatında “Feyenord” vaxtından əvvəl çempion olub. İspaniya La Liqasında isə "Barselona” klubu cari mövsümün qalibi olub. 

Yeri gəlmişkən, “Barselona” La Liqanın XXXIV turu çərçivəsində “Espanyol”u 4:2 hesabı ilə məğlub edərək xallarının sayını 85-ə çatdırıb və çempionluğunu rəsmiləşdirib. Çempionatın başa çatmasına 4 tur qalmış turnir cədvəlində ikinci pillədə qərarlaşan Madridin “Real” klubunun hesabında 71 xal var.

Bununla da Kataloniya klubu tarixində 99-cu titulunu qazanıb.

Qeyd edək ki, Kataloniya təmsilçisi bu titullardan 77-nə milli çempionatın rəsmi görüşlərində əldə etdiyi qalibiyyətlər sayəsində nail olub. Belə ki, klub 27 dəfə İspaniya çempionatının, 31 dəfə ölkə kubokunun,  2 dəfə Liqa kubokunun, 14 dəfə ölkə Superkubokunun və 3 dəfə Evı Duarte kubokunun sahibi olub.

Bundan başqa, “Barselona” 22 dəfə beynəlxalq turnirlərin mükafatını qazanıb ki, bunların da ümumi sayı 99 titul edir. 

Belə ki, komanda 5 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Superkubokunun, 4 dəfə kuboklar kubokunun, 3 dəfə Yarmarok kubokunun,  2 dəfə Latin kubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi adını qazanıb.

A.Elçin,
“Xalq qəzeti”

İdman