Azarkeşlər: Bakı Formula 1-ə yüksək səviyyədə hazırlaşıb

post-img

Bu gün Formula 1 Azərbaycan Qran-Prisi start götürür. Yarış öncəsi şəhərə çıxıb Azərbaycan Qran-Prisi ilə bağlı əcnəbi azarkeşlərin fikirlərini öyrənməyə çalışdıq. Bakının Səbail rayonunda yerləşən, el arasında “Torqovı” adlandırılan Nizami küçəsində Formula 1 azarkeşi Filip Kimbureklə həmsöhbət olduq. Gənc qonaq qeyd etdi ki, ilk dəfəfir Azərbaycana gəlir. Ancaq Bakıda ilk dəfə olmasına rəğmən şəhərimizdən, buranın insanlarından və ona göstərilən qonaqpərvərlikdən məmnun qalıb. 

Filip Kimburek yarışla bağlı dedi: – “Bakıda tras əla vəziyyətdədir. Azadlıq meydanında yerləşən Pit zolağı mükəmməl şəkildə qurulub. Dünən yarış öncəsi Qran-Prinin ən maraqlı hissələrindən sayılan Pit zolağına gəzinti təşkil edilmişdi. İki saata yaxın davam edən gəzinti zamanı orada azarkeşlərin komandalar, onların qarajları ilə yaxından tanış olması üçün şərait yaradılmışdı. Mən də orada oldum. Həqiqətən Bakı yarışa heyrətamiz şəkildə hazırlaşıb. Düzünü deyim, çox xoş təəssüratlarla ayrıldım”.

Filip Kimburek “Hansı komandanın pilotuna azarkeşlik edirsiniz?” sualına cavabında bildirdi ki, “Red Bull Racing” və “Aston Martin” komandalarını dəstəkləyir. Pilotlardan isə Fernando Alonsoya daha çox azarkeşlik etdiyini dedi.

Polşalı Formula 1 azarkeşi Lukaş Kuzman da Azərbaycanda ilk dəfə olduğunu bildirdi. O etiraf etdi ki, əvvəl Azərbaycan haqqında geniş məlumatı olmayıb. Əslində, Formula 1 Azərbaycan Qran-Prisi Qafqazın ən gözəl şəhərini tanımaq üçün bir fürsət oldu. Bakıda hər şey yüksək səviyyədədir. Şəhərin müasir görkəmi ilə yanaşı, tarixi əraziləri buranı ziyarət edənlərdə Bakının qədim tarixi haqqında da fikir formalaşdırır. Biz Vroslav şəhərindənik. Növbəti dəfə Bakıya öz ailələrimizlə birgə gəlməyi düşünürük. 

Formula 1 yarışları haqqında isə Lukaş Kuzman bunları dedi: “Onu deyə bilərəm ki, artıq yarışların 7-ci dəfə burada keçirilməsi Bakıya göstərilən yüksək etimadın göstəricisidir. Bundan başqa, burada yarışların təhlükəsiz şəkildə və daha rəngarəng keçirilməsi indiyədək Formula 1 azarkeşlərinin diqqətini cəlb edən məqamlardan biridir. İndiyədək Bakıda hər dəfə ayrı-arı pilotların qalib olması bunu sübuta yetirir”.

Lukaş Kuzman “Ferrari” şirkətinin pilotu Şarl Leklerə azarkeşlik etdiyini vurğuladı.

Yarışı izləmək üçün Bakıya gələn qonaqlardan biri  Marek Mazanek isə bildirdi ki, burada qonaq olmaq onun çox ürəyincədir. Burada gözəl restoranlar, mehriban insanlar və ən əsası, qonaqlara gülərüz simasını göstərən insanlar var.  Göstərilən isti münasibət onun üçün hər şeydən üstündür. 

Marek Mazanek “Mercedes” komandasına azarkeşlik etdiyini söylədi. O, Bakı trekinin möhtəşəm olduğuna diqqət çəkərək dedi: “Mən Formula 1 yarışları haqqında xeyli məlumatım var. Spa, Ciddə və Las-Veqasdan sonra Bakı Formula 1-i  dördüncü ən uzun trekdir.  Bütün komandalara uğur diləyirəm. Ancaq daha çox “Mercedes”in qalib gəlməsini istəyirəm”.

Elçin AĞAMİRZƏ,

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

İdman