Silahlar təhvil verilib

post-img

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. 25-26 noyabrda polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 5 ədəd qumbara, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd fişəng tapançası, 1 patron darağı,  66 ədəd müxtəlif çaplı patron və 29 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər. Məlumatı DİN mətbuat xidməti verib. 

Keçirilən əməliyyat tədbirləri ilə 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 5 tüfəng, 15 patron və 1 patron qatarı aşkar edilərək götürülüb.

Qobustanda xeyli sayda silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 2 ədəd yivli “TOZ”, 3 ədəd müxtəlif markalı ov tüfəngi, 1 ədəd əl qumbarası, fişəng atan tapança və 16-sı “Makarov” tapançasına məxsus olmaqla ümumilikdə 47 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı, 1 ədəd səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə