Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında iqtisadi islahatların davamı olaraq faydalı qazıntı yataqlarının öyrənilməsi, istismarı və idarə olunması sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasını, innovativ texnologiyalar tətbiq edilməklə çevik icra və nəzarət mexanizminin qurulmasını, habelə bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla normativ hüquqi aktların təkmilləşdirilməsini, o cümlədən yerin təkindən istifadə sahəsində sahibkarlara göstərilən xidmətlərin operativliyinin və şəffaflığının gücləndirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının ödənilməsi məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən “Qaradağ I və II”, Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonunun ərazilərində yerləşən “Güzdək muldası” əhəngdaşı yataqları, Zaqatala rayonu ərazisində yerləşən “Katexçay I və II” , Balakən rayonu ərazisində yerləşən “Balakənçay I və II”, Oğuz rayonu ərazisində yerləşən “Ağçay I” qum-çınqıl yataqları və İmişli rayonu ərazisində yerləşən “İmişli” qum-çınqıl yataqları daxilində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi yer təki sahələri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) istifadəsinə verilsin.
2. Müəyyən edilsin ki:
2.1. yerin təkindən istifadə sahəsində (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) yer təkindən istifadə hüququnun verilməsi, yer təki sahələrinin dövlət ekspertizasının aparılması, yer təki istifadəçiləri tərəfindən hesabatların təqdim edilməsi, yer təkinin istifadəyə verilməsi üzrə aidiyyəti dövlət orqanlarından (qurumlarından) rəylərin, habelə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin yazılı razılıqlarının alınması, hərraclara (auksion və müsabiqə) dair sənədlərin qəbulu və onların keçirilməsi zamanı torpaqların kateqoriyalara aid edilməsi, kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi və digər əlaqəli proseslər 2027-cı il avqustun 1-dən etibarən “Rəqəmsal ekologiya” informasiya sistemi vasitəsilə “bir pəncərə” prinsipi əsasında həyata keçirilir;
2.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. yer təkindən istifadə sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. altı ay müddətində:
3.2.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri, bu Fərmanın 4.1.2-ci yarımbəndi nəzərə alınmaqla, prioritet qeyri-filiz faydalı qazıntı yataqlarının monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının əsas istehlak bazarından olan məsafəsindən, ərazinin relyefindən, iqlim şəraitindən və infrastrukturun mövcudluğundan asılı olaraq, iqtisadi dövriyyəyə cəlb edilməsi üçün güzəştlərin tətbiqinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2.3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və dövlət torpaq kadastrı məlumatlarına əsasən mənafeyinə toxunulan aidiyyəti dövlət orqanlarının (qurumlarının) təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 aprel tarixli 639 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar”ın 5.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahıya daxil ediləcək yer təki istifadəçilərinin istifadəsindəki və bu Fərmanın 1-ci hissəsi ilə Cəmiyyətin istifadəsinə verilən yer təki sahələrinin yerləşdiyi və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmayan torpaqların kateqoriyasının həmin kateqoriyaya keçirilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;
3.2.4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri nəzərə alınmaqla, yer təkindən istifadə hüququnun əldə edilməsi, yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı zamanı yer təki istifadəçiləri tərəfindən təqdim edilməsi tələb olunan normativ hüquqi aktlarda nəzərdə tutulan sənəd və hesabatların nümunəvi formalarını təsdiq etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
4.1. qeyri-filiz faydalı qazıntı yataqlarının geoloji öyrənilməsinə və istismarına dair Dövlət Geoloji İnformasiya Fondunda mövcud olan, habelə bu Fərmanın 4.1.3-cü yarımbəndinə uyğun olaraq aparılan monitorinq və qiymətləndirmə işləri nəticəsində əldə edilən məlumatlar əsasında müvafiq informasiya ehtiyatının yaradılması məqsədilə:
4.1.1. Dövlət Geoloji İnformasiya Fondunda mövcud olan məlumatlardan (mövcud yataqların siyahısı və koordinatları, sahəsi, xammalın növü, sənaye təyinatı, ilkin və qalıq ehtiyatı, ehtiyatların hesablanması planı (və ya xəritəsi), yer təki istifadəçiləri barədə məlumat, faydalı layın qalınlığı, geoloji məlumatlar, faktiki materiallar xəritəsi, yanakı komponentlər, laboratoriya nəticələri və digər qrafik məlumatlar), ayrılmış və faydalı qazıntı ehtiyatları yerləşən ərazilər üzrə torpaq kadastr məlumatlarından, habelə faktiki yer təki istifadəçiləri və istismar olunan sahələr barədə məlumatlardan ibarət olan informasiya ehtiyatını 2028-ci il yanvarın 1-dək yaratsın;
4.1.2. prioritet qeyri-filiz faydalı qazıntı yataqlarının siyahısını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birlikdə üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
4.1.3. bu Fərmanın 4.1.2-ci yarımbəndində nəzərdə tutulmuş siyahı üzrə qeyri-filiz faydalı qazıntı yataqlarında aparılacaq monitorinq və qiymətləndirmə işləri nəticəsində əldə edilən məlumatların (koordinatlar, sahəsi, xammalın növü, sənaye təyinatı, ilkin və qalıq ehtiyatı, ehtiyatların hesablanması planı (və ya xəritəsi), yer təki istifadəçiləri barədə məlumat, faydalı layın qalınlığı, geoloji məlumatlar, faktiki materiallar xəritəsi, yanakı komponentlər, laboratoriya nəticələri və digər qrafik məlumatlar) bu Fərmanın 4.1.1-ci yarımbəndi ilə nəzərdə tutulan informasiya ehtiyatına daxil edilməsini təmin etsin;
4.2. yer təkindən istifadə sahəsində proseslərin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar “Rəqəmsal ekologiya” informasiya sisteminin “Geologiya və mineral xammal” altsistemi vasitəsilə aşağıdakıları təmin etsin:
4.2.1. yer təkindən istifadə sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq icazələrin verilməsini, dövlət geoloji ekspertizasının keçirilməsi, yer təkinin istifadəyə verilməsi üzrə hərraclara (auksion və müsabiqə) dair ərizələrin və digər sənədlərin qəbulunu, müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq və rəylərin alınmasını;
4.2.2. yer təkindən istifadə sahəsində hesabatların qəbulunu, razılaşdırılmasını və təsdiqini, aşkar edilmiş uyğunsuzluqlar barədə yer təki istifadəçilərinin məlumatlandırılmasını;
4.2.3. hərraca çıxarılmış faydalı qazıntı yataqları yerləşən torpaq sahəsinin müvafiq kateqoriyaya aid edilməsi və ya kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət göndərilməsini;
4.2.4. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə hərracdan əvvəl razılaşdırılmış icarə haqqının məbləği barədə hərrac iştirakçılarına məlumat verilməsini;
4.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan proseslərin “Rəqəmsal ekologiya” informasiya sisteminin “Geologiya və mineral xammal” altsistemi vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən həyata keçirilməsini, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən məlumatların əldə edilməsini, mübadiləsini və həmin informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyasını 2027-ci il avqustun 1-dək təmin etsin.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan informasiya ehtiyatının yaradılması məqsədilə ayrılmış və faydalı qazıntı ehtiyatları yerləşən ərazilər üzrə torpaq kadastr məlumatlarının Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməsini üç ay müddətində təmin etsin.
7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, yerin təkindən istifadə ilə bağlı texniki təhlükəsizlik və tikinti, habelə geoloji öyrənmə, tədqiqat, sınaqlar aparılması və mədənlərin bağlanması üzrə dövlət standartlarının hazırlanmasını 2027-ci il iyulun 1-dək təmin etsinlər.
8. Azərbaycan İnvestisiya Holdinqi bu Fərmanın 14-cü hissəsindən irəli gələn məsələlərin icrasını bir ay müddətində təmin etsin.
9. Aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan qeyri-filiz faydalı qazıntı sahələrinin yerləşdiyi və dövlət mülkiyyətində olan torpaq sahələrinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Cəmiyyətin müraciəti əsasında, Cəmiyyətin istifadəsinə verilməsini bir ay müddətində təmin etsinlər.
10. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 974 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 579 (Cild I) ilə təsdiq edilmiş “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları”nın 13-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxur kütləsinin (dövlət geoloji ekspertizası aparılmaqla) iqtisadi dövriyyəyə cəlb edilməklə istifadəsinə görə ödənişin miqdarı müvafiq faydalı qazıntının hasilatına görə ödənişin (mədən vergisi) 50 faizi miqdarında müəyyən olunur.”.
11. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 580 (Cild I) ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
11.1. aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:
“2.4. Agentlik hərraca çıxarılmış faydalı qazıntı yataqları yerləşən torpaq sahəsinin müvafiq kateqoriyaya aid edilməsi və ya kateqoriyasının dəyişdirilməsi, yaxud məqsədli təyinatının dəyişdirilməsi üçün, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 2-ci və 3-cü hissələrinin tələblərinə uyğun olaraq fəaliyyət sferasına (maraqlarına) toxunulan aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəylərini, habelə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin yazılı razılıqlarını əldə edir və həmin Qaydalara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) təqdim edir. Bu zaman müvafiq rəy və razılıqların əldə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 2-ci və 3-cü hissələrinə uyğun olaraq aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəylərinin, habelə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin razılıqlarının Xidmətə təqdim edilməsinə bərabər tutulur.”;
11.2. 4.3.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.3.8-ci yarımbənd əlavə edilsin:
“4.3.8. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə razılaşdırılmış icarə haqqının məbləği barədə məlumat.”;
11.3. 8-ci hissə üzrə:
11.3.1. aşağıdakı məzmunda 8.2-1-ci bənd əlavə edilsin:
“8.2-1. Hərrac komissiyası auksiona çıxarılan qeyri-filiz faydalı qazıntı yatağının axtarışı və (və ya) kəşfiyyatı bu Qaydaların 8.1.5-ci yarımbəndinə uyğun olaraq ən yüksək qiymət təklifini verən və qalib elan olunan auksion iştirakçısı tərəfindən aparıldığı təqdirdə, auksion qalibinin təklif etdiyi qiymətə 25 (iyirmi beş) faiz güzəşt tətbiq edir. Tətbiq edilmiş güzəşt yekun protokolda qeyd olunur.”;
11.3.2. 8.3-cü və 8.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“8.3. Auksion qalibi auksionun nəticələri haqqında yekun protokolu imzalamaqdan imtina etdikdə və (və ya) 10 (on) iş günü ərzində yekun qiymətin 30 (otuz) faizi məbləğində ödənişi etmədikdə auksionun nəticəsi ləğv olunur. Yekun protokolu imzalamaqdan imtina edən və (və ya) 10 (on) iş günü ərzində yekun qiymətin 30 (otuz) faizi məbləğində ödənişi etməyən auksion qalibinin behi qaytarılmır və həmin iştirakçı yer təkinin istifadəyə verilməsi üzrə keçiriləcək növbəti 2 (iki) hərracda iştirak hüququnu itirir.
8.4. Auksionun nəticələri haqqında yekun protokol əsasında, auksion qalibi 10 (on) iş günü ərzində yekun qiymətin 30 (otuz) faizi, istismar işlərinə başladıqda 40 (qırx) faizi, ilkin ehtiyat həcminin 50 (əlli) faizini çıxardıqda isə qalan 30 (otuz) faizi məbləğində ödənişi təmin etməlidir.”.
12. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 9, maddə 1006; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 8 aprel tarixli 640 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
12.1. 3-cü hissə üzrə:
12.1.1. 3.1.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.1.5-ci yarımbənd əlavə edilsin:
“3.1.5. faydalı qazıntı yataqlarının (neft-qaz yataqları istisna olmaqla) istismara verilməsi zamanı – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (işğaldan azad edilmiş ərazilər istisna olmaqla).”;
12.1.2. 3.2.4.7-ci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.4.8-ci abzas əlavə edilsin:
“3.2.4.8. bu Qaydaların 3.1.5-ci yarımbəndinə uyğun olaraq müraciət edildiyi hallarda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi mərhələsində aidiyyəti dövlət orqanlarından (qurumlarından) əldə edilmiş rəylər, habelə torpaq mülkiyyətçilərindən, istifadəçilərindən əldə edilmiş yazılı razılıq sənədləri (həmin sənədlər təqdim edildiyi halda bu Qaydaların 3.2.4.3-cü abzasında göstərilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, habelə bu Qaydaların 3.2.4.4-cü və 3.2.4.5-ci abzaslarında nəzərdə tutulmuş sənədlər təqdim edilmir).”;
12.2. 4.1.1-ci yarımbənddə “3.1.1–3.1.4-cü” sözləri “3.1.1–3.1.5-ci” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 282 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 1, maddə 22) ilə təsdiq edilmiş “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
13.1. 3.1.8-ci yarımbəndə “Geologiya” sözündən sonra “və mineral xammal” sözləri əlavə edilsin;
13.2. 3.3.8-ci yarımbəndə “Geologiya” sözündən sonra “və mineral xammal” sözləri, “proseslərin” sözündən sonra “, yerin təkindən istifadə sahəsində (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) yer təkindən istifadə hüququnun verilməsi, yer təki sahələrinin dövlət ekspertizasının aparılması, yer təki istifadəçiləri tərəfindən hesabatların təqdim edilməsi, yer təkinin istifadəyə verilməsi üzrə aidiyyəti dövlət orqanlarından (qurumlarından) rəylərin, habelə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin yazılı razılıqlarının alınması, hərraclara (auksion və müsabiqə) dair sənədlərin qəbulu və onların keçirilməsi zamanı torpaqların kateqoriyalara aid edilməsi, kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi və digər əlaqəli proseslərin” sözləri əlavə edilsin.
14. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 179 (Cild I) 2-ci hissəsinə “filizi” sözündən sonra “, habelə qeyri-filiz” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2026-cı il

