Peşədən peşəkarlığa gedən yol

post-img

Sürətlə inkişaf edən ölkəmizdə peşə təhsili daha çox əhəmiyyət daşıyır. Bu, tələbələrə konkret sahələrdə praktiki bacarıqlar qazandıraraq, onlara iş dünyasında uğur əldə etmək üçün zəruri olan bilikləri verir. Tələbələr məktəbi bitirdikdən sonra onların işə düzəlmə şansları da artır. 

Peşə təhsili akademik təhsilə nisbətən daha qısa və təcrübə yönümlü olduğundan, tələbələr az vaxt və maliyyə sərf edərək peşə sahələrində ixtisaslaşa bilirlər. Bu, həm də gənclərə daha tez iş tapmaq imkanı verir. Məhz bu səbəbdən yeni peşə təhsili müəssisələri layihələndirilir, tikinti işləri davam etdirilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu günlərdə “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən müzakirədə deyib ki, son illərdə Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad və Lənkəranda da yeni peşə təhsil müəssisələri tikilib. Quba, Qax, Tovuz, Füzuli və digər rayonlarda yeni peşə təhsili müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir. Bu il Şuşada da peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirmə işləri bir neçə aya yekunlaşacaq. 

Onun sözlərinə görə, hazırda peşə təhsili sahəsində yeni platformalar yaradılır. Tələbə qəbulunda say artmaqda davam edir. 2020-ci ildən bəri bu sahədə 60 faizdən çox artım var. Hətta yeni istifadəyə verilən müəssisələrdə yer olmaması səbəbindən iki növbəli təhsilə keçid edilib. Cari il üçün dövlət büdcəsindən peşə təhsilinə 82,2 milyon manat vəsait ayrılıb.

Yeri gəlmişkən, yanvarın 14-də Baş nazir Əli Əsədov xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin siyahısında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb. Siyahıda bir çox peşə məktəblərini, sürücü, aşpaz və rabitəçi kimi ixtisaları görə bilirik. Bu da belə təhsil ocaqlarına olan marağı daha da artıracaq. 

Yerli mediaya müsahibəsində Elm və Təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə təhsildəki yeniliklərdən danışarkən bildirib ki, onlardan biri də “Peşə təmayüllü siniflər” layihəsidir. Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2024–2025-ci tədris ilində 249 məktəbdə 419 peşə təmayüllü sinif fəaliyyət göstərir və 7 mindən çox şagird həmin siniflərdə təhsil alır.  Nazir müavini onu da qeyd edib ki, peşə təhsilinin cəlbediciliyinin artmasını tələbə qəbulunda da görmək olar. 2024–2025-ci tədris ilində 72 peşə təhsil müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu aparılıb. Peşə təhsili müəssisələrinə 85 faizi dövlət sifarişli, 15 faizi isə ödənişli olmaqla, ümumilikdə 24,8 min nəfər qəbul olunub. 2026-cı ilə qədər peşə təhsilinə qəbul olunan tələbə sayının 28 min nəfərə çatdırılması hədəflənir. 

Yekun olaraq qeyd edək ki, peşə təhsili iş dünyasında get-gedə daha əhəmiyyətli rol oynayır. Praktiki bacarıqların və ixtisaslaşmanın vacibliyi artdıqca, bu təhsil pilləsi daha da önə çıxır. 

Rizvan FİKRƏTOĞLU 
XQ

 

Elm