“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən redaksiyamıza verilən məlumata görə, qurum sıfır emissiya hədəfinə çatmaq üçün gəmilərdə küləklə dəstəklənən hərəkətverici sistemlərin quraşdırılması imkanlarını araşdırır. Gəmiçiliyin dayanıqlılıq və emissiyaların idarə edilməsi üzrə direktoru Ələkbər Əzizlinin sözlərinə görə, gəmilərin enerji səmərəliliyinin artırılması üçün onlar təmirə gələndə pərləri cilalanır və sualtı hissələri tez-tez təmizlənir.
Gələcəkdə isə gəmilərin gövdəsinin təmizlənməsində robot sisteminin tətbiqi nəzərdə tutulur. Hava ilə sürtünmə sistemi gəmilərin alt hissəsində mikro qabarcıqlar yaratmaqla, onun gövdəsi ilə dəniz suyu arasındakı müqaviməti azaldır. Bu sistem yanacaq sərfiyyatının və emissiyaların həcminin azaldılmasına müsbət təsir göstərir. Gəmilərdə enerji səmərəliliyinin artırılması istiqamətində fəal iştirak edən heyət üzvləri isə mükafatlandırılır.
Direktorun sözlərinə görə, Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətində ətraf mühit və sosial idarəetmə sisteminin tətbiqi də diqqətdə saxlanılır. Bununla bağlı emissiyaların rəqəmsal panelə çıxarılaraq izlənməsi sisteminin yaradılması planlaşdırılır. Hazırda isə emissiyaların inventarlaşdırılması ilə bağlı ISO 14060 və digər standartların tətbiqi, müvafiq sertifikatlaşdırılmanın aparılması həyata keçirilir.
Gəmiçilik ekoloji cəhətdən təmiz olan elektrik nəqliyyat vasitələrinə tədricən keçid edir. Bununla əlaqədar ilkin mərhələdə qurumun inzibati binasının yeraltı dayanacağında elektrik avtomobillər üçün 2 şarjetmə stansiyası istifadəyə verilməsi, eyni zamanda, Xəzər Dəniz Gəmiçiliyinin 2 zavodunda və donanmasında şarjetmə stansiyalarının quraşdırılması da qeyd edilən fikrin bariz ifadəsidir.
Direktor, həmçinin qeyd edib ki, alternativ enerji mənbəyi kimi günəş panellərinin tətbiqinə də başlanılıb. “Bibiheybət” Gəmi Təmiri Zavodunda 162 ədəd günəş paneli quraşdırılıb. Dəniz Nəqliyyatı Donanmasında külək turbininin quraşdırılması layihəsinin icrasına başlanılıb. Bütün bunlarla bərabər, şirkətdaxili su istehlakının optimallaşdırılması da həyata keçirilib.