Bakıda keçirilən COP29 çərçivəsində Dayanıqlı Enerji üzrə Biznes Şurasının təşkilatçılığı ilə “Təmiz enerjinin faydalarının genişləndirilməsi: icma iştirakçılığı və gələcək nəsil işçi qüvvəsinin inkişafı” mövzusunda seminar keçirilib.
Tədbirdə Dayanıqlı Enerji üzrə Biznes Şurasının prezidenti Lisa Jakobson çıxış edərək 2030-cu ilə qədər sıfır karbon keçid etməyin önəmini diqqətə çatdırıb. Bunun son dərəcə çətin olduğunu vurğulayan L. Jakobson deyib ki, sıfır emissiya bir sıra biznes sahələrini zəiflətsə də, digər sahələrin inkişafına təkan verir. Onun sözlərinə görə, yaşıl enerji istehsalı sahəsinə sərmayə yatırılması və əldə olunan enerjinin reallaşdırılması yeni biznes sahələrinin inkişafı üçün münbit şərait yaradır.
“Edison İnternational” elektrik enerjisi istehsal edən şirkətlərin rəhbərləri Pedro Pizzaro, SMUD şirkətinin nümayəndəsi Qreqq Fişer və başqaları çıxışlarında təmsil etdikləri istehsal prosesində dekarbonizasiya istiqamətində gördüyü işlərdən bəhs ediblər. Bildirilib ki, “yaşıl” enerji istehsalı dövrümüzün tələbidir və şirkətlər bu sahənin inkişafına sərmayə yatırmağı davam edirlər.
Artıq dünyanın bir sıra regionlarında sıfır emissiyaya nail olmaq üçün iri şirkətlər tərəfindən su, günəş, külək elektrik stansiyalarının inşa olunduğunu xatırladan çıxışçılar bu prosesin davam etməsinin nəticəsi olaraq korbonsuzlaşmaya yaxınlaşmağın asanlaşacağını vurğulayıblar. Qeyd olunub ki, enerji sahəsində çalışan şirkətlər, tədricən də olsa, enerji transformasiyasını həyata keçirməlidirlər.
Sonra tədbir müzakirələrlə davam edib. Şirkətlər gördükləri işlər barədə ətraflı məlumat veriblər.