“Yaşıl” rəqəmsal texnologiyalara sənayedə yaşıl işıq!

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində “Yaşıl rəqəmsal fəaliyyət treki”nin yüksək səviyyəli açılış sessiyasında iqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə sayılan rəqəmsallaşmanın potensialından tam yararlanmağın zəruri olduğunu, bunun dayanıqlı infrastrukturun inkişafına və ətraf mühitin yaxşılaşmasına müsbət təsir göstərdiyini bildirib: “Yalnız rəqəmsallaşma vasitəsilə davamlı gələcəyi gerçəkləşdirmək üçün lazımi sürətə, dəqiqlik və çevikliyə nail ola bilərik”.

Müzakirələrdə texnologiya sektorunda emissiyaların azaldılmasının zəruriliyi və ekoloji problemlərin həllində, eləcə də hamı üçün dayanıqlı gələcəyin qurulmasında rəqəmsal həllərin oynaya biləcəyi mühüm rolu diqqətə çatdırılıb. Eyni zamanda, COP29-da “Yaşıl rəqəmsal fəaliyyət treki”nin fəal iştirakı, mənalı dialoqu təşviq etmək və birgə iqlim fəaliyyətində innovativ ideyaları canlandırmaq üçün nəzərdə tutulduğu xatırladılıb.

Qeyd olunub ki, müzakirələr və seminarlar silsiləsi davamlılıq standartlarının əhəmiyyəti, “Xalis sıfır” İKT sektoruna aparan yol, iqlim dəyişikliyi ilə mübarizə və erkən xəbərdarlıq sistemləri üçün süni intellektdən istifadə edilməsinə yönələcək.

Yeri gəlmişkən, yaşıl rəqəmsal fəaliyyət təşəbbüsü COP29 Sədrliyinin fəaliyyət gündəliyinə daxil olan 14 qlobal təşəbbüsdən biridir. Bu təşəbbüs tək bir hadisə deyil, həm də innovasiya və dayanıqlığa əsaslanan rəqəmsallaşmanın gələcək COP-larda prioritet olaraq qalmasını gerçəkləşdirərək davamlılığa yönələn çağırışdır. COP29 çərçivəsində təşəbbüsün yekun tədbiri – yaşıl rəqəmsal fəaliyyət üzrə yüksək səviyyəli “dəyirmi masa” COP29 çərçivəsində ilk Rəqəmsallaşma Günündə – noyabrın 16-da keçiriləcək. “Dəyirmi masa”da dünyanın bir sıra ölkələrindən dövlət və özəl sektor nümayəndələri, o cümlədən İKT sahəsi üzrə qlobal miqyasda aparıcı tərəfdaşlar iştirak edəcəklər.

“Dəyirmi masa”da bir sıra kritik mövzular, o cümlədən rəqəmsal innovasiyanın iqlim strategiyalarına inteqrasiyası, iqlim monitorinqinin rəqəmsal alətlərlə artırılması, rəqəmsal inklüzivliyin təşviqi və rəqəmsal texnologiyaların ətraf mühitə təsirlərinin azaldılması müzakirə ediləcək. Sonda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd – yaşıl rəqəmsal fəaliyyət üzrə Bəyannamə” qəbul ediləcək.

yaşıl rəqəmsal fəaliyyət üzrə Bəyannamə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədəki potensialını tanımaqla yanaşı, dayanıqlı və inklüziv praktikaların təşviqinə də əhəmiyyətli bir addımdır.

Sessiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Sədrliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT-nin Rəqəmsal Texnologiyalar Agentliyi tərəfindən təşkil olunub.

 

Ekologiya