Azərbaycanda Beynəlxalq “Yaşıl STEAM” Festivalı

post-img

Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən “Yaşıl STEAM” Festivalında dövlət rəsmiləri, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Festivala həsr olunan videoçarxın nümayişindən sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bugünkü festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. “STEAM Azərbaycan”ın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edən nazir STEAM-ın tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb.

BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib ki, COP29 ərəfəsində keçirilən builki STEAM festivalında əsas diqqətin “yaşıl” texnologiyalara yönəldilməsi mühüm önəm daşıyır. O, STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov builki festivalın final mərhələsinə, ümumilikdə, 244 komanda üzrə 900-dən çox iştirakçının qoşulduğunu bildirərək deyib: “Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə, 10 müxtəlif ölkədən 17 münsif iştirak edir. Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi–yarışlar təşkil olunacaq. STEAM layihəsi hazırda ölkə üzrə 398 məktəb və 252 min 711 şagirdi əhatə edir, 20-dən çox STEAM Mərkəzi fəaliyyət göstərir. Layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur”.

Çıxışlardan sonra festival iştirakçılarının hazırlıq mərhələsini əks etdirən video təqdim edilib. Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı olub.

Qeyd edək ki, iki gün davam edəcək festivalda iştirakçılar, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə də iştirak edəcəklər.

 

Ekologiya