COP29 Azərbaycan Əməliyyat Şirkətindən verilən məlumatda konfransın gedişində dayanıqlılığın təşviqi və ətraf mühitə təsirlərin minimuma endirilməsi öhdəliyinin bir hissəsi kimi dayanıqlı enerji həllərinin tətbiq ediləcəyi, Bakı Stadionunun mühüm enerji təchizatının hidratlaşdırılmış bitki yağı (HVO) hesabına gerçəkləşdiriləcəyi bildirilib.
Vurğulanıb ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29-un nəzərdə tutulan 7 əsas öhdəliyini dayanıqlılıq siyasətinə əsaslanaraq təşkil edir. Bu öhdəliklərin ən başlıcası bərpaolunan enerji istifadəsi, enerji səmərəliliyi və qaçılmaz emissiyaların balanlaşdırılması yolu ilə istixana qaz emissiyalarını azaldaraq karbon neytrallığı konsepsiyasına nail olmaqdır. Birdəfəlik plastiklərin azaldılması, dayanıqlı nəqliyyat xidmətləri və ekoloji cəhətdən təmiz satış məhsullarının təchizatı kimi dayanıqlı təcrübələrin təşviqi də dayanıqlılıq siyasətinə əsasən, ikinci əsas öhdəlikdir.
Bu iki istiqamətin əsasını təşkil edən prioritet təşəbbüslərdən biri də konfrans məkanının əksər hissələrinin enerji təchizatı üçün qazıntı yanacağına alternativ olaraq hidratlaşdırılmış bitki yağının seçimi və istifadəsidir. Bu təşəbbüs konfrans məkanında enerjidən istifadə nəticəsində yaranan İXQ emissiyalarını əhəmiyyətli dərəcədə azaldılması məqsədi daşıyır.
Hidratlaşdırılmış bitki yağı aşağı karbonlu yanacaq mənbəyidir və onun yanması zamanı yaranan karbon emissiyaları bu yağı hazırlamaq üçün istifadə olunan bitkilərin udduğu karbonla kompensasiya olunur. Bu isə hidratlaşdırılmış bitki yağını ənənəvi qazıntı yanacağından daha dayanıqlı alternativə çevirir. Bundan əlavə, hidratlaşdırılmış bitki yağı tədbir məkanlarında və ətrafda havanın keyfiyyətini yaxşılaşdıraraq bərk hissəciklər, azot oksidləri və kükürd oksidləri kimi zərərli tullantıları əhəmiyyətli dərəcədə azaldır. Hidratlaşdırılmış bitki yağı ilə yanaşı, tədbir məkanın bütün digər enerji ehtiyacları konfransın keçirildiyi günlərdə bərpaolunan enerji mənbələri hesabına gerçəkləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu innovativ təşəbbüs COP29 Enerji keçidi üzrə Tərəfdaş –“SOCAR Green” şirkətinin dəstəyi ilə reallaşacaq. Sözügedən şirkət tədbir məkanını elektrik enerjisi ilə təmin etmək üçün lazımi hidratlaşdırılmış bitki yağı həcmlərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu fakt Azərbaycanın daha dayanıqlı və aşağı karbonlu enerji gələcəyinə keçidlə bağlı böyük hədəflərini əks etdirir.