Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə ölkənin “yaşıl” enerji sektoruna xarici investisiyaların cəlbini müzakirə edib. Bu barədə “XQ”yə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Anar Axundovla ADB-nin Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanq arasında aparılıb.
Görüşdə Azərbaycanın ADB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub, bankın ölkəmizdəki fəaliyyəti yüksək qiymətləndirilib. Tərəflər, həmçinin bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, Azərbaycanın enerji sisteminin davamlılığını və səmərəliliyini təmin etmək üçün infrastrukturun inkişafı və maliyyələşməsinə ADB-nin potensial dəstəyi ilə bağlı fikir mübadiləsi aparıblar.