ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən “bir həftə Ukraynaya hücum etməməsini” xahiş etdiyini və Rusiya liderinin də razılaşdığını bildirib. Məlumatı “Anadolu” verib.
Narkotiklərlə mübarizə haqqında prezident fərmanının imzalanma mərasimində çıxış edən ABŞ lideri bu xahişi rusiyalı həmkarına “həddindən artıq soyuq hava şəraiti ilə əlaqədar” etdiyini deyib.
ABŞ prezidenti həmçinin Əbu-Dabidə davam edən sülh danışıqlarında “böyük irəliləyiş” əldə edildiyinə əminliyini ifadə edib və münaqişənin sona çatacağına ümid etdiyini bildirib.
Oval Ofisdəki görüşdə iştirak edən Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini və bu irəliləyişi mümkün edən Trampı təqdir etdiyini bildirib.
Rusiya tərəfi bir həftə ərzində atəşin dayandırılması barədə razılaşma əldə olunduğunu təsdiqləməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski enerji infrastrukturuna hücumlara son qoymaq səylərinə görə ABŞ-a təşəkkür edib.
P.ƏMİRCANOV
XQ

