Vaşinqtonun İrana endirdiyi zərbələr dünya gündəmini silkələdi. ABŞ Prezidenti Donald Trampın açıqlamasına əsasən, İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki əsas nüvə obyektlərinə hava zərbələri endirilib. Hadisə regional və beynəlxalq səviyyədə ciddi narahatlıqla qarşılanıb.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yaydığı bəyanatda ABŞ Hərbi Hava Qüvvələrinin İranda üç əsas nüvə obyektinə uğurlu hücum həyata keçirdiyini bildirib: “İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyektinə uğurlu hücum tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır!”.
ABŞ-ın “Fox News” kanalı və İranın rəsmi IRNA agentliyi də hücumları təsdiqləyərək, Fordo obyektinə zərbə endirildiyini bildiriblər. İranın xarici işlər naziri Abbas Əraqçi hücumlara sərt reaksiya verib. Onun sözlərinə görə, ABŞ beynəlxalq hüququ və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozub: “ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İranın dinc nüvə obyektlərinə hücum etməklə BMT Nizamnaməsini və beynəlxalq hüququ pozub. Bu hadisələr uzunmüddətli nəticələrə səbəb olacaq. İran öz suverenliyini və milli maraqlarını qorumaq hüququnu özündə saxlayır”.
Əraqçi İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında əlavə edib ki, bu, “dialoq səviyyəsində olan məsələyə edilən birbaşa hücumdur”:“Biz indi kiminlə masaya oturacağımızı bilmirik. Nüvə obyektlərimizə dəyən zərərin miqyasını açıqlamaq çətindir. Amma İran xalqını və ərazi bütövlüyünü qorumağa davam edəcək”.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) rəsmi X hesabında bildirib ki, hücumdan sonra radiasiya səviyyəsində artım müşahidə olunmayıb. Agentlik əlavə edib ki, yeni məlumatlar əldə edildikcə vəziyyətə dair dəyərləndirmələr təqdim ediləcək.
Türkiyə Xarici İşlər Nazirliyi hücumlara dair bəyanat yayaraq hadisəni ciddi narahatlıqla qarşıladığını bildirib: “ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hücum bölgədəki qarşıdurma riskini maksimum həddə çatdırıb. Biz bu fəlakət ssenarisinin gerçəkləşməsini istəmirik. Münaqişənin yeganə həll yolu dialoqdur”.
Bəyanatda tərəflərə təmkin nümayiş etdirməyə və hücumları dərhal dayandırmağa çağırış edilib. Türkiyə həmçinin beynəlxalq ictimaiyyəti diplomatik səyləri dəstəkləməyə səsləyib.
Çin Xarici İşlər Nazirliyi də ABŞ-ın addımını sərt tənqid edib. Rəsmi Pekin bəyanatında bildirib ki, hücum BMT Nizamnaməsinin prinsiplərinə və beynəlxalq hüquqa ziddir, bölgədəki gərginliyi daha da artırır: “ABŞ-ın nüvə obyektlərinə zərbələri regionda sabitliyi ciddi şəkildə təhdid edir. Çin tərəfləri tezliklə atəşkəsə və dialoqa çağırır”. Pekin, Yaxın Şərqdə sülh və sabitliyin bərpası üçün beynəlxalq səylərə dəstək verməyə hazır olduğunu bildirib.
Hadisələr fonunda Böyük Britaniya hökuməti İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reyslərinin təşkilinə başlayıb. BBC xəbər verir ki, Britaniya vətəndaşları onlayn forma vasitəsilə bu uçuşlarla bağlı müraciət edə bilərlər.
XİN qeyd edib ki, uçuşlar təhlükəsizlik vəziyyətindən asılı olaraq dəyişdirilə və ya təxirə salına bilər. Tel-Əvivdən planlaşdırılan reyslərdə yerlər ehtiyac dərəcəsinə uyğun təyin olunacaq.
Beynəlxalq aviaşirkətlər ABŞ-ın hücumundan sonra bölgədəki uçuş marşrutlarını yenidən qiymətləndirir. “Reuters”in məlumatına görə, son günlər ərzində Dubay, Doha və digər əsas hava limanlarına uçuşlar təxirə salınıb və ya ləğv edilib. Regionun hava məkanı, xüsusən də İran və İraq üzərindən keçən yollar artıq kommersiya aviasiyası üçün praktik olaraq qapadılıb.
“Flightradar24” və “SkAI” şirkətlərinin məlumatına əsasən, GPS pozuntuları və spufinq hallarında artım müşahidə olunub, bu isə münaqişə zonalarında uçuşların təhlükəsizliyini daha da sual altına salır.
Səbuhi MƏMMƏDOV
XQ