Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, “Avropa üçün davamlı və çəkindirici təhlükəsizlik arxitekturası yalnız Türkiyənin iştirakı ilə mümkündür”. Bunu o, Ankarada Xorvatiya XİN başçısı Qordan Qrliç-Radmanla görüşündən sonra birgə mətbuat konfransında deyib. Məlumatı “Anadolu” verib.
Fidan qeyd edib: “Avropa təhlükəsizliyi məsələsini Ukraynadakı müharibəyə bağlamaq olmaz. Avropanın təhlükəsizlik arxitekturası məsələsi uzunmüddətli və strateji perspektivdə nəzərdən keçirilməlidir. Bu çərçivədə davamlı və çəkindirici təhlükəsizlik arxitekturası ancaq Türkiyənin iştirakı ilə mümkündür”.
Nazir xatırladıb ki, Ankara lap əvvəldən Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb: “Türkiyə hər fürsətdə dialoq və diplomatiyaya əsaslanan təşəbbüslərə töhfə verməyə hazır olduğunu bildirir. Biz təkcə bu mövqeyi ifadə etmirik, həm də əməli addımlar atırıq”.
Fidan bildirib ki, həftə sonu İngiltərədə Ukrayna ilə bağlı keçirilən toplantıda Türkiyə avropalı müttəfiqləri ilə mövqeyini bölüşüb.
P.ƏMİRCANOV
XQ