Yaponiya NATO-da daimi nümayəndəlik açıb

post-img

Yaponiya NATO-da daimi nümayəndəlik açıb və Seneqaldakı sabiq səfiri Osamu İdzavanı daimi nümayəndə təyin edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır. Avro-Atlantik və Hind-Sakit Okean regionlarının təhlükəsizliyinin bölünməz olduğu aydınlaşdığı üçün tərəflər arasında əlaqələr son illərdə daha da inkişaf edib”, - deyə nazirliyin bəyanatında bildirilir.

Bundan öncə nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı səfirliyi həyata keçirirdi. Xarici İşlər Nazirliyinin fikrincə, ayrılıqda təşkilati strukturun yaradılması Yaponiyanın NATO ilə daha da səmərəli əməkdaşlıq etməsinə imkan verəcək.

Son illər Tokio NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirib və Yaponiyanın baş naziri bir neçə dəfə alyansın sammitlərində iştirak edib. 2023-cü ildən başlayaraq Şimali Atlantika Alyansının Tokioda daimi nümayəndəliyinin açılması ilə əlaqədar aktiv müzakirələr başlayıb, lakin bu məsələ ilə bağlı razılıq əldə olunmayıb. “Nikkei” qəzetinin məlumatına görə, Tokioda nümayəndəliyin açılmamasında Fransanın mövqeyi həlledici rol oynayıb. Paris Çini təxribata çəkməmək üçü qəti şəkildə Yaponiyada NATO ofisinin açılmasına qarşı çıxıb.

Dünya