“ATƏT Parlament Assambleyasının rəhbəri Pia Kauma “liberal faşizm”in təsirini hiss etdi. Bir vaxtlar biz xanım Pia Kauma ilə, məsələn, Gürcüstanda “liberal faşizm”in necə işlədiyi barədə danışmalı olduq və əslində o, bu barədə kifayət qədər məlumatlıdır... Bu ideologiya ölkəmizdə məğlub edilməlidir”. Bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidze “liberal faşizm”ə açıqlıq gətirib: “Bu yalan, başqa fikirlərə tam dözümsüzlük və xaricdən maliyyə yardımı ilə cəmiyyətdə nifrətin qızışdırılması deməkdir”.
Baş nazir, həmçinin ATƏT PA rəhbərinə Gürcüstana kömək etmək istəyinə görə təşəkkür edib: “Xanım Pia Kaumaya ölkəyə kömək etmək arzusuna, istəyinə və münasibətinə görə təşəkkür etmək istərdim. Onun Gürcüstana səfərə hazır olması bununla bağlı olub, amma səfər baş tutmadı. Xüsusi subyektlərin mövqelərini gördünüz. Bu, tamamilə çirkin mövqedir”.
Qeyd edək ki, ATƏT PA sədri yanvarın 8-dən 10-dək Gürcüstana səfər etməyi planlaşdırmışdı. Amma müxalifət Kaumanın Gürcüstana səfərinə qarşı çıxıb. “Səfər yalnız yeni seçkilərə hazırlıq prosesinə töhfə verəcəyi təqdirdə məqsədəuyğun hesab ediləcək”, – deyə ATƏT PA sədrinə göndərilən məktubda qeyd olunub.
Bundan əvvəl, ABŞ-nin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Co Uilson də oxşar məzmunlu məktubla ona müraciət edərək Gürcüstana səfər etməməyə çağırıb. Uilson məktubunda Gürcüstan rəsmilərinin bu səfəri “hakimiyyətin legitimləşdirilməsi vasitəsi” kimi istifadə edəcəyini deyib. “ABŞ vergi ödəyicilərinin pulu qeyri-legitim hökumətin tanınması üçün istifadə edilməməlidir”, – deyə Uilson qeyd edib.
Belə bir şəraitdə Fransa kənarda qala bilməzdi. Fransa prezidenti Makronun müxalifəti dəstəkləyən açıqlaması da bunun bariz nümunəsidir. Onun sözlərinə görə, Gürcüstandakı mövcud böhranı aradan qaldırmaq üçün yenidən seçki tələb olunursa, bu seçkilər keçirilməlidir. O, Gürcüstandaki seçkilərə Rusiyanın müdaxilə etdiyini və seçki qutularına bülletenlərin atıldığını da söyləyib. Bu onu göstərir ki, Fransa hakimiyyəti Gürcüstanda sabitliyi pozmağa çalışır.
Doğrudan da, ATƏT PA sədrinin xoş niyyətli səfəri yuxarıda qeyd olunan təzyiqlər səbəbindən təxirə salındı. Bu barədə xanım Ria Kaumanın özü məlumat verib. O, “bitərəf” qalmaq istədiyini bildirib: “ATƏT/DTİHB-nin yekun hesabatının dərcindən sonra Gürcüstana səfərin məqsədi “hökumət, müxalifət və vətəndaş cəmiyyəti ilə dialoq açmaq” idi. Burada həyata keçirilməli olan 12 əsas və ən vacib tövsiyədən söhbət gedir. Biz bu prosesdə kömək etməyə hazır idik. Məqsədimiz səfərimizi hakimiyyətin tanınması kimi təqdim etmək, kiməsə legitimlik vermək deyildi. Bu, bizim işimiz və mandatımız deyil”.
Kauma Gürcüstana səfəri qeyri-müəyyən müddətə təxirə salmaq qərarını ATƏT PA nümayəndə heyəti ilə “indiki mərhələdə tərəflərin görüşə hazır olmaması” ilə izah edib: “Bunun üçün “ölkədə kifayət qədər xoş niyyət olmalıdır”.
O qeyd edib ki, müxalifət partiyalarının tələblərindən biri Gürcüstanda yeni seçkilərin tarixinin müəyyən edilməsi, digəri isə həbs edilmiş etirazçıların azad edilməsi ilə bağlı olub: “İndiki mərhələdə nümayəndə heyəti bu tələbləri yerinə yetirə bilməyəcək. Lakin onu da əlavə etmək istərdim ki, iqtidar bizimlə görüşmək və DTİHB-nin tövsiyələrini müzakirə etmək istəyirdi. Amma hökumətlə təkbətək görüşmək istəmədim. Çünki bu, ATƏT PA-nın qarşı tərəfin tələblərinə məhəl qoymadan hökuməti dəstəkləməsi mənzərəsi yarada bilərdi”.
Bununla belə, o, tərəflər arasında dialoqun tərəfdarı olduğunu bildirib: “Lakin bu gün “hakim partiya və müxalifət bir-birindən çox uzaqdır və baxışları çox fərqlidir”.
Qərbin Gürcüstanda nifrətin qızışdırılmasına yönəlik açıqlamalarına hakim partiyadan sərt reaksiya gəlib. Xarici işlər naziri Maka Boçorişvili prezident Makronun Rusiyanın Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxilə etməsi barədə bəyanatına münasibət bildirərkən deyib: “Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılmasına dair sözləri yalan məlumatlara əsaslanır və həqiqəti əks etdirmir”. Nazirin sözlərinə görə, ümumiyyətlə, yanlış məlumat əsasında təsəvvürlər yarananda çox üzücü olur. “Gürcüstanda elektron seçkilər keçirildi və heç kim seçkilərə təsir edəcək qədər qutuya bülleten qoya bilmədi, o da bunu bilməlidir. Əgər bilmirsə, Fransa səfirindən soruşaq. O, Gürcüstanda gedən proseslərlə bağlı öz hökumətini nə dərəcədə düzgün məlumatlandırır? Görünən budur ki, səfir öz hökumətini düzgün məlumatlandırmayıb. Makron da yanlış məlumatlar əsasında yanlış təsəvvür yaradır. Bunun arxasında ya qəsdən pis niyyətlər var, ya da bunu hazırlayanlar qeyri-peşəkarlardır ”, – deyə M.Boçorişvili vurğulayıb.
Baş nazir İrakli Kobaxidze isə Makronun sözlərini yalan adlandırıb və ona diqqətini “qurban verilmiş və dağıdılmış” Ukraynaya yönəltməyi tövsiyə edib. Kobaxidze deyib: “Fransa prezidenti məhv olmaq üçün qurban verdikləri Ukraynaya baxmalıdır. Mən əsl problemin nə olduğunu deyirəm. Yalanlara şərh verə bilmərəm. Mən hamının üzləşdiyi problemi şərh edirəm, bu, məhv edilmiş Ukraynadır”.
Deməli, Parisin müdaxilə etdiyi hər yerdə, rüsvayçı şəkildə uğursuzluq baş verir. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, Afrikadan danışmağın mənası yoxdur, necə deyərlər, hər şey göz qabağındadır... Gürcüstanda da sabitliyi pozmaq üçün həmin cəhdlər edildi, hər kəsə aydındır və sirr deyil ki, bu hərəkətlər o qədər qeyri-diplomatik və aşkar edilmişdi ki, bunlar belə diplomatik ənənələri olan ölkə üçün təəccüb doğurur”.
Beləliklə, Fransa hər cür vasitə ilə Afrikada itirilmiş təsirini Cənubi Qafqazda, xüsusilə Gürcüstanda bərpa etməyə çalışır. Amma alınmır, hər gün bölgədə, bütövlükdə, beynəlxalq arenada mövqeyini itirir.
P.ƏFƏNDİYEV
XQ