Dnestryanıda enerji sistemində qəzalar başlayıb

post-img

Dnestryanıda mərkəzi isitmə sisteminin kütləvi şəkildə dayandırılması elektrik şəbəkələrinin həddindən artıq yüklənməsinə və bir sıra fövqəladə dayanmalara səbəb olub. Bu barədə tanınmamış respublikanın prezidenti Vadim Krasnoselski öz Telegram kanalında bildirib.

O, işıqların kəsilməsinin tətbiqinə münasibət bildirərək izah edib ki, qazla isitmə ilə təchiz olunmayan otaqlarda temperaturun kəskin aşağı düşməsi istilik üçün elektrik enerjisi sərfiyyatının xeyli artmasına səbəb olub. Bu yük artımı elektrik şəbəkələrində kütləvi qəzalara gətirib çıxarıb. 

Krasnoselski bildirib ki, son iki gündə energetiklər 136 belə hadisənin nəticələrini aradan qaldırıblar. Onun sözlərinə görə, vəziyyət daha da pisləşəcək və enerji təchizatında növbəti fasilələrin qarşısını almaq üçün elektrik enerjisinin kəsilməsi qrafiklərinin tətbiqi qaçılmazdır.

Bir gün əvvəl Dnestryanıda bütün sənaye müəssisələri enerji ehtiyatlarının çatışmazlığı səbəbindən dayandırılmışdı. Tanınmamış respublikanın "baş nazirinin müavini" Sergey Obolonikin sözlərinə görə, böhran o qədər şiddətlidir ki, hansı müəssisələrin dayandığını sadalamağa ehtiyac yoxdur.

S.ELAY

XQ

Dünya