Gürcü xalqı milli maraqları qorumaqda israrlıdır

post-img

ABŞ Maliyyə Nazirliyi “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanın demokratik və Avroatlantik gələcəyinə zərbə vurduğuna və Rusiya Federasiyasının maraqlarından çıxış etdiyinə görə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edir. Dövlət katibinin bəyanatında deyilir: “İvanişvilinin hərəkətləri Gürcüstanı ərazisinin 20 faizindən çoxunu işğal altında saxlamaqda davam edən Rusiya qarşısında aciz qoyub”.

ABŞ Dövlət Departamentinin rəhbəri “etirazçılara, media nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifət nümayəndələrinə qarşı davam edən zorakı repressiyaları” pisləyib.

Antoni Blinken xatırladıb ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiya və insan haqlarına xələl gətirənləri məsuliyyətə cəlb etməyə sadiqdir. Həmçinin bəyanatda vurğulanır ki, Bidzina İvanişviliyə qarşı sanksiyalar, onun ya birbaşa məsuliyyət daşıdığı, ya iştirak etdiyi, ya da birbaşa və ya dolayısı ilə Rusiyanın federal hökumətinin xeyrinə və ya adından, yaxud onların maraqlarına uyğun olaraq demokratik prosesləri və institutları sarsıdan fəaliyyətlərdə iştirakına görə tətbiq edilib.

Blinkendən sonra Makkeyn İnstitutunun Qlobal Demokratiya Proqramları üzrə baş direktoru Laura Tornton da açıqlama verib. O, “Gürcü Arzusu”nun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasına ümidlərini “yersiz və sadəlövh adlandırıb: “Bu, sadəcə baş verməyəcək. Bu yaxınlarda Konqresdə Respublikaçıların verdiyi bəyanatlara nəzər salsanız, onlar demokratlardan daha yüksək səslə bəyanatlar verirlər... Gürcüstan hökumətinin gözləntiləri çox yersizdir”.

Tornton əlavə edib ki, ABŞ Rusiyanın təsirindən başqa, “Gürcü Arzusu”nun Tehran və Pekinlə sıx əlaqələrindən də narahatdır.

İvanişviliyə qarı sanksiya hakim partiya tərəfindən sərt qarşılanıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalarını pisləyib. Kobaxidze qeyd edib ki, partiyanın təsisçisi ölkənin maraqlarına xidmət etdiyinə görə artıq faktiki sanksiyalar altında idi, indi isə rəsmi məhdudiyyətlərə məruz qalıb. “Xüsusi heçnə yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən "mükafatdır”.

Onun sözlərinə görə, İvanişvili uzun müddətdir, sanksiyalarla şantaj edilib, indi isə belə imkan olmayacaq: "Bizim üçün maraqlı olan yeganə şey ölkəmizin milli maraqlarıdır, biz üç ildir ki, belə davranırıq və bunun sayəsində Gürcüstan Ukraynanın bugünkü vəziyyətində deyil. Cənab Bidzina İvanişvili əvvəllər de-fakto sanksiyalara məruz qalmışdı. O, demək olar ki, rəsmi sanksiyalarla üç il şantaj edilib. İndi bu şantaj səbəbi də aradan qalxıb. Bilmirəm, müxalifətə nə kömək edəcək. Əslində, heç nə dəyişməyib. De-fakto sanksiyalar artıq qüvvədə idi və bu qeyri-rəsmi sanksiyalar yalnız ona görə idi ki, bu adam bu ölkənin milli maraqlarından əl çəkmədi”.

“Gürcüstan üçün Qaxariya” müxalifət partiyasının lideri Giorgi Qaxaria Vaşinqtonun İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək qərarını “kədərli və faciəli” adlandırıb. Siyasətçi vurğulayıb ki, İvanişviliyə qarşı sanksiyalar müxalifətin qalib gəlməsi demək deyil: "Bu, mübarizə və gərgin işin davam etməsi deməkdir".

Qaxariya iddia edir ki, indi sanksiyadan sonra hökumət daha sərt addımlara keçə bilər. “Bütün bunlar çətin olsa da, gözlənilən idi. Son nəticədə bu gün ölkədə gedən siyasi proseslərə münasibətdə bunun heç bir mənası yoxdur. ABŞ-nin belə bir qərarı ilə rejimin hərəkətlərinin necə dəyişə biləcəyi hələ aydın deyil. Biz prosesləri izləməliyik. Bir ölkənin qərar qəbul edən şəxsinin ABŞ tərəfindən sanksiyaya məruz qalması kədərli və faciəvi haldır... Qeyd edim ki, bu heç nə demək deyil. Bu qərarın İvanişvili üçün gözlənilməz olduğunu düşünmürəm. O, buna hazır idi”.

Qərb Gürcüstan hakimiyyətinə qarşı daha bir addım atıb. Müxalifəti dəstəklədiyini açıq-aşkar nümayiş etdirib. Salome Zurabişvili ABŞ-ın yeni prezidenti D.Trampın andiçmə mərasiminə dəvət edilib. Bu barədə Helsinki Komissiyasının sədri, konqresmen Co Uilson sosial media hesabı vasitəsilə etdiyi paylaşımında bildirib: “Mən prezident Salome Zurabişvilini Gürcüstanda yeganə legitim lider kimi prezident Donald Trampın andiçmə mərasiminə dəvət etməkdən məmnunam”.

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nümayəndəsi Benjamin Addad isə Gürcüstan prezidenti Salome Zurabişvilinin həbslə hədələnməsini qəbuledilməz adlandırıb: “Gürcü Arzusu”nun prezident Salome Zurabişvilinin həbslə hədələməsi qəbuledilməzdir və heç bir Avropa perspektivi ilə bir araya sığmır”.

Litva Prezidenti Gitanas Nauseda isə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefon danışığından sonra etdiyi “X” paylaşımında qeyd edib: “Prezident Salome Zurabivşili ilə telefonla danışdım. Gürcüstanda demokratik geriləmə ilə bağlı dərin narahatlıqlarımı ifadə etdim. Gürcüstan Belarus ssenarisinin təkrarlanması riski altındadır. Litva Avropa Parlamentinin Gürcüstanda demokratik seçkilərin keçirilməsinə dair qətnaməsini qətiyyətlə dəstəkləyir”.

Göründüyü kimi, Qərb bütün imkanlardan istifadə edərək, Gürcüstanda sabitliyi pozmağa çalışır. Çünki Gürcüstanda mərkəzi hakimiyyətin güclənməsi, onun Qərbdən asılılığını azaldır. Qərbdən gələ biləcək müxtəlif ideoloji cərəyanların qarşısı qətiyyətlə alınır, daha çox milli maraqlara və ənənələrə uyğun dövlət idarəçiliyi formalaşır. Qərbin ayrı-ayrı mərkəzlərinin inqilablar və küçə etirazları vasitəsilə sabitliyi pozmaq cəhdlərinin qarşısı alınır.

Gürcüstan hökumətinin rəsmi açıqlamalarına görə, Amerika Birləşmiş Ştatlarının dəstəklədiyi qüvvələrin ölkədə hakimiyyət çevrilişi cəhdinin qarşısı bir neçə dəfə uğurla alınıb. Bundan sonra da qətiyyətlə alınacaq. Bu isə yuxarıda qeyd etdiyim kimi onlara xoş gəlmir. Ona görə də hər imkandan istifadə edirlər. Qərbin İvanişviliyə qarşı sanksiyası, Zurabişvilinin Trampın andiçmə mərasiminə dəvət edilməsi və fransalı siyasətçinin onun həbsinin qəbuledilməz adlandırması da bu məqsədə xidmət edir. Amma hakim partiya üçün ölkənin maraqları hər şeydən irəlidir. Onları bu yoldan geri döndərmək qeyri-mümkündür. Artıq Tbilisidə məxməri inqilab dövrü keçmişdə qalıb.

P.ƏFƏNDİYEV
XQ

Dünya