Çin Rusiya və Ukraynanı danışıqlara çağırıb

post-img

Rusiya ilə Ukrayna arasındakı münaqişə danışıqlar yolu ilə həll edilməlidir. Bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin sədrliyi ilə yüksək rütbəli məmurların iştirakı ilə təşkil olunan BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib.

“Anadolu”nun məlumatına görə, Şuan Rusiya ilə Ukrayna arasında münaqişənin getdikcə genişləndiyinə, humanitar vəziyyətin pisləşməkdə davam etdiyinə diqqət çəkərək vurğulayıb ki, planetin bütün guşələrində insanlar getdikcə daha çox sülh istəyir və bu barədə daha çox səslənirlər: “Ukrayna münaqişəsini nəzərə alaraq, Asiya və Afrikadan Avropa və Amerikaya, cənubdan şimala, şərqdən qərbə qədər beynəlxalq ictimaiyyət getdikcə danışıqlar yolu ilə həllə və sülhün əldə edilməsinə diqqət yetirir”.

O qeyd edib ki, tarix dəfələrlə sübut edib ki, hərbi üsullar davamlı sülh gətirmir və bütün münaqişələr son nəticədə danışıqlar masası arxasında başa çatır: “Biz bir daha münaqişə tərəflərini siyasi iradə nümayiş etdirməyə və tezliklə sülh danışıqlarına başlamağa, yarı yolda bir-biri ilə görüşməyə, hərbi əməliyyatları dayandırmağa və atəşkəsi bərqərar etməyə çağırırıq”.

Qen Şuan qeyd edib ki, Çinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ardıcıl, qəti və aydındır: “Çin hər zaman bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək, BMT-nin məqsəd və prinsiplərini dəstəkləmək, bütün ölkələrin ağlabatan təhlükəsizlik narahatlıqlarına ciddi yanaşmaq və böhranların sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləmək tərəfdarı olub. Çin müvafiq tərəflərlə əlaqəni daha da gücləndirməyə, sülhə daha tez nail olmaq üçün davamlı səylər göstərməyə və konstruktiv rol oynamağa hazırdır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya