BMT Təhlükəsizlik Şurası hazırkı strukturu ilə qlobal problemlərə həll yolu tapa bilmir. Bu sözləri BMT-nin Fələstin üzrə keçmiş xüsusi məruzəçisi Maykl Link “Anadolu” agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, BMT sistemində təcili islahatlara ehtiyac var. O qeyd edib ki, bu, ümumdünya təşkilatına daha məsuliyyətli qərarlar qəbul etməyə imkan verəcək.
Agentliyin həmsöhbəti bildirib ki, BMT-nin keçmiş baş katibi Kofi Annan 2012-ci ildə dərc olunmuş xatirələrində BMT Təhlükəsizlik Şurasının Fələstin məsələsi ilə bağlı necə iflic vəziyyətə düşdüyünü təsvir edib. Link bunun əsas səbəbinin ABŞ-nin İsrail-Fələstin problemi ilə bağlı eqoist mövqeyi olduğunu vurğulayıb.
Link deyib ki, Birləşmiş Ştatlar İsraili tənqid edən və Təhlükəsizlik Şurasının, demək olar ki, bütün üzvləri tərəfindən dəstəklənən qətnamələrə veto qoyub. “Ümumilikdə, Birləşmiş Ştatlar 1967-ci ildən bəri 80-ə yaxın qətnaməni bloklayıb. Bu qətnamələrin təxminən 46 və ya 47-si İsraili tənqid edirdi. BMT Təhlükəsizlik Şurasının heç bir daimi üzvü, o cümlədən Çin, Fransa, Böyük Britaniya və Rusiya İsraili tənqid edən vahid qətnaməyə veto qoymayıb”. - dedi.
P.ƏMİRCANOV
XQ