“YouGov” sosioloji tədqiqat institutunun keçirdiyi ictimai rəy sorğusuna görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer 2007-ci ildən bəri bu vəzifəni ən pis yerinə yetirən hökumət başçısı hesab edilir. O, bu göstəriciyə görə yalnız mühafizəkar Liz Trassdan geri qalır.
AZƏRTAC sosioloji tədqiqat institutunun keçirdiyi sorğunun nəticələrinə istinadla xəbər verir ki, respondentlərin yalnız 26 faizi leyboristlərin lideri Kir Starmerin Baş nazir kimi fəaliyyətini müsbət qiymətləndirib. Eyni zamanda, onun sələfləri - mühafizəkar Rişi Sunak britaniyalıların 29 faizinin, Boris Conson 40 faizinin, Tereza Mey isə 46 faizinin səsini toplayıb.
Mühafizəkarlar arasında lider David Kemerondur; onun fəaliyyəti respondentlərin 59 faizi tərəfindən dəstəklənib. Leyboristlərin əvvəlki hökumət başçısı Qordon Braunun reytinqi isə 59 faizə bərabər olub.
Reytinqdə sonuncu pillədə qərarlaşan və səlahiyyət müddəti cəmi 50 gün davam edən mühafizəkar Liz Trass isə rəyi soruşulanların yalnız 11 faizinin etimadını qazanıb.
Oktyabrın 19-dan 21-dək aparılmış sorğuda Böyük Britaniyanın 1688 vətəndaşı iştirak edib.