Moskvada Qazaxıstan Respublikası ilə Rusiya Federasiyası arasında Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 25-ci iclası keçirilib. İclasda ikitərəfli qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunub.
AZƏRTAC Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, Qazaxıstan tərəfi Rusiyanın tənzimlənən məhsulların idxalına məhdudiyyətlər tətbiq etməsi məsələsini qaldırıb.
Tərəflər mövcud vəziyyətin tez bir zamanda həlli yollarının işlənib hazırlanması üçün səlahiyyətli dövlət orqanları arasında ikitərəfli məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.
Qazaxıstanın hökumət nümayəndə heyətinə Qazaxıstan Respublikası Baş nazirinin müavini Serik Jumanqarin, qarşı tərəfdən isə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk başçılıq edib.
Bundan əvvəl “Rosselxoznadzor” oktyabrın 17-dən etibarən Qazaxıstandan Rusiyaya buğda, mərcimək, pomidor, bibər və yemişin idxalına müvəqqəti məhdudiyyətlər qoyulması barədə qərar dərc edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana