Britaniyanın ədliyyə naziri Şabana Mahmud qadınların həbsə düşməsinin azaldılması və nəticədə qadın həbsxanalarının bağlanması ilə bağlı yeni planlar təqdim edib.
AZƏRTAC xəbər verir ki, o, qadın həbsxanalarının sayını azaltmaq məqsədini daşıyan yeni bir qurum – qadın ədalət şurasını təsis etdiyini elan edib.
İngiltərə və Uelsdə həbsxanadakı məhbusların sayı iki həftə əvvəl rekord səviyyəyə çatıb. Bildirilib ki, həbsdə 88 521 nəfər saxlanılır, lakin onlardan cəmi 3440-ı qadındır. Bu qadınların yarısından çoxu - 55 faizi məişət zorakılığının qurbanıdır və onların üçdə ikisi isə zorakı olmayan cinayətlər törədiblər.
Hökumət qadın məhbuslar üçün həbsxana alternativlərini, o cümlədən icma dəstəyi və yaşayış mərkəzləri kimi xidmətləri inkişaf etdirməyi planlaşdırır.
Şabana Mahmud qeyd edib ki, qadınlar kişilərə nisbətən daha çox xırda ittihamlarla həbs cəzasına məhkum edilir və bu qadınların təxminən üçdə ikisi zorakı cinayətlərə görə həbs olunmayıb. Nazir qadın məhbusların yarısından çoxunun ana olduğunu qeyd edərək həbsxanaların ailələrə vurduğu ziyanın nəsildən-nəslə keçdiyini vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London